[13:43]

(Ya Rəsulum!) Kafirlər: "Sən peyğəmbər deyilsən!" - deyirlər. (Onlara) belə cavab ver: "Mənimlə sizin aranızda (doğruluğuma) Allahın və kitabı bilənlərin (Tövratı, İncili bilən mö'min yəhudi və xaçpərəstlərin, yaxud Qur'ana bələd olan mö'min müsəlmanların və ya lövhi-məhfuzdan xəbərdar olan Cəbrailin) şahid olması yetər!"

 

Ibrâhîm

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[14:1]

Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Qur'an) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) - yenilməz qüvvət sahibi, (hər cür) tə'rifə (şükürə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik.

[14:2]

Elə bir Allah ki, göylərdə və yerdə nə varsa, hamısı Onundur. Düçar olacaqları şiddətli əzabdan ötrü vay kafirlərin halına!

[14:3]

O kəslər ki, dünyanı (fani dünya malını) axirətdən (axirət ne'mətlərindən) üstün tutur, (insanları) Allah yolundan döndərir (islam dinini qəbul etməyə mane olur) və o yolu əyri hala salmaq istəyirlər. Onlar (haqq yoldan) azıb uzaq düşmüşlər.

[14:4]

Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) ona izah edə bilsin. Allah istədiyi kimsəni zəlalətə salar (haqq yoldan sapdırar), istədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

[14:5]

Biz Musaya: "Tayfanın (İsrail oğullarını) zülmətdən nura çıxart və Allahın (vaxtilə onlara ne'mət verdiyi) günlərini xatırlat. Bunda çox səbir və şükür edənlər üçün, sözsüz ki, neçə-neçə ibrətlər var!" (deyib) onu mö'cüzələrimizlə (peyğəmbər) göndərdik.