[14:19]

(Ya Rəsulum və ya ey mö'min insan!) Məgər Allahın göyləri və yeri haqq olaraq yaratdığını görmürsənmi? Əgər (Allah) istəsə, sizi yox edib yerinizə başqa bir məxluq (insan tayfası) gətirər.

[14:20]

Bu Allah üçün heç də çətin deyildir!

[14:21]

(Qiyamət günü) hamı Allahın hüzurunda peyda olacaqdır. Zəiflər (iman gətirməyə) təkəbbür göstərənlərə (öz başçılarına) deyəcəklər: "Biz sizə tabe idik. İndi Allahın əzabını, azacıq da olsa, bizdən dəf edə bilərsinizmi?" Onlar belə cavab verəcəklər: "Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə göstərərik. İndi ağlayıb-sızlasaq da, səbr etsək də, fərq etməz (əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir sığınacaq (heç bir qurtuluş) yoxdur!

[14:22]

İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzzəmət edən kafirlərə) belə deyəcək: "Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru və'd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) və'd vermişdim, amma sonra və'dimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qə'bul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!

[14:23]

İman gətirib yaxşı işlər görənlər isə (ağacları) altından çaylar axan cənnətlərə daxil ediləcəklər. Onlar Rəbbinin izni ilə orada əbədi qalacaqlar. Onların orada bir-birinə (yaxud Allahın, mələklərin onlara) günaydınlıq verməsi: "Salam!" (demək) olacaqdır!

[14:24]

Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir.