[2:170]

Onlara (bütpərəstlərə) : "Allahın göndərdiyinə (Qur'ana) tabe olun!" -deyildiyi zaman, onlar: "Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!" -deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?)

[2:171]

Kafirlər səda və nidadan (çığırtı və bağırtıdan) başqa bir şey anlamayanlara (heyvanlara) bənzərlər. Onlar kar, lal və kordurlar. Buna görə də haqqı dərk etməzlər.

[2:172]

Ey iman gətirənlər! Sizə verdiyimiz rüzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu ne'mətlərə görə) Ona şükür edin!

[2:173]

O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!

[2:174]

Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) olanları (peyğəmbərin vəsfini) gizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!

[2:175]

Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış kəslərdir. Onlar cəhənnəm oduna necə də səbrlidirlər!

[2:176]

Bu (əzab) ondan ötrüdür ki, Allah kitabı (Tövratı, İncili və ya Qur'anı) haqq olaraq göndərmişdir. Lakin kitab barəsində müxtəlif rə'ydə olanlar (onun hökmlərinin bə'zisini qəbul, bə'zisini rədd edənlər, bə'zisini gizlədənlər, bə'zisini isə təhrif edib dəyişdirənlər), şübhəsiz ki, (həqiqətdən) uzaq bir nifaq içərisindədirlər.