Al-Hijr

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[15:1]

Əlif, Lam, Mim, Ra! Bunlar (mükəmməl ilahi) Kitabın və açıq-aydın (mö'cüzə olan) Qur'anın ayələridir.

[15:2]

Kafirlər (qiyamət günü), yəqin ki, müsəlman olmalarını istərdilər!

[15:3]

(Ya Rəsulum!) Qoy (kafirlər) hələ (istədikləri kimi) yeyib içsinlər ,(dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər!

[15:4]

Biz heç bir məmləkəti (heç bir ölkənin əhalisini) əcəli (lövhi-məhfuzda onun üçünəyyən edilmiş vaxt) gəlib çatmamış məhv etmədik.

[15:5]

Heç bir ümmət əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra bilər.

[15:6]

(Müşriklər Peyğəmbərə) belə dedilər: "Ey özünə Kitab nazil edilən kəs! Axı sən divanəsən!

[15:7]

Əgər sən doğru danışanlardansansa (Peyğəmbər olduğun barədəki iddian düzgündürsə), mələkləri bizə gətirsənə!"

[15:8]

(Allah onların cavabında buyurdu: ) "Biz mələkləri yalnız haqq olaraq (peyğəmbərlərə vəhy gətirmək, kafirlərə əzab vermək üçün) endiririk. O zaman onlara (kafirlərə) heç bir möhlət verilməz!

[15:9]

Şübhəsiz ki, Qur'anı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!"

[15:10]

(Ya Rəsulum!) Biz səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik.

[15:11]

Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər!

[15:12]

(Əvvəlki ümmətlər barəsində etdiyimiz kimi) Biz onu (küfrü, istehzanı) günahkarların (sənin qövmündən olan müşriklərin) ürəklərinə belə yeridirik!

[15:13]

?zlərindən əvvəlkilərin başlarına gələnlər (müsibətlər) göz qabağında olduğu (olub keçdiyi) halda, onlar (yenə də) ona (Qur'ana) inanmazlar.

[15:14]

Əgər onlara göydən bir qapı açsaq (nərdivan endirsək) və onunla durmadan yuxarı dırmaşsalar (göydə Allahın qüdrətini və əzamətini görsələr) yenə də (inanmayıb):

[15:15]

Gözümüz bağlanmış (xumarlanmış), biz sehrlənmişik (Muhəmməd bizi ovsunlayıb gözümüzü bağlamışdır), - deyərlər.