[15:16]
Biz səmada bürclər yaratdıq, onlara
baxanlar üçün (ulduzlarla) bəzədik.
[15:17]
Onları hər bir məl'un
(Allahın dərgahından qovulmuş,
rəhmətindən kənar edilmiş, daşqalaq olunmuş) Şeytandan qoruduq.
[15:18]
Lakin (şeytanlardan)
kim (mələklərin söhbətinə) xəlvəti qulaq assa, onu odlu bir
axan ulduz (məş'əl) tə'qib edər (və üstünə düşüb yandırar).
[15:19]
Biz yer üzünü döşədik (orada hər şeyi yerbəyer etdik), orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən (bütün meyvələrdən) müəyyən ölçüdə (lazım olan qədər) yetişdirdik.
[15:20]
Sizdən və sizin ruzi vermədiklərinizdən (qul, kəniz, ev heyvanları və sairədən) ötrü
yaşayış üçün lazım olan hər şey yaratdıq. (Ruzini siz yox, Biz veririk. Onun, sadəcə olaraq ixtiyarı sizdədir).
[15:21]
(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan
ancaq müəyyən (lazım olduğu) qədər endiririk. (Onun nə qədər lazım
olması isə yalnız Bizə mə'lumdur).
[15:22]
Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara həyat verən, onları tozlandıran)
külək göndərdik, göydən yağmur endirib sizə su verdik (içirtdik). Yoxsa onu yığıb saxlayan (bir yerə toplayan) siz deyilsiniz! (Allah yağış suyunu saxlayıb istədiyi vaxt, istədiyi yerə
yağdırar).
[15:23]
Həqiqətən, dirildən də, öldürən də Bizik, (hər şeyə) varis olan da Biz (Sizi məhv etdikdən sonra yer üzünə sahib olub onu
istədiyimizə verən də, hər şey fənaya uğradıqdan sonra əbədi qalan da Bizik!)
[15:24]
Sizdən əvvəl kimlər gəlib-gedibsə, onları da bilirik, sizdən sonra kimlər gələcəksə, onları da! (Və ya sizdən əvvəl də, sonra da iman gətirənləri bilirik!)
[15:25]
Həqiqətən, Rəbbin (qiyamət günü haqq-hesab
çəkmək üçün) onları bir yerə yığacaq. O, hikmət sahibidir, (hər şeyi) biləndir!
[15:26]
Biz insanı quru
(toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara
palçıqdan yaratdıq!
[15:27]
(Cinlərin babası) can
tayfası (və ya İblisi) daha
öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik.
[15:28]
(Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: "Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara
palçıqdan insan yaradacağam!
[15:29]
Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, tə'zim məqsədilə) səcdə edin!"
[15:30]
Bundan sonra mələklərin hamısı ona (tə'zim məqsədilə) səcdə etdilər.
[15:31]
Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.