[15:32]

(Allah buyudu: ) "Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?"

[15:33]

(Şeytan) dedi: "Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!" (Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür!)

[15:34]

(Allah) buyurdu: "Oradan (Cənnətdən və ya səmalardan) çıx. Sən məl'unsan! (Dərgahımdan qovulmuş və rəhmətimdən kənar edilmişsən!)

[15:35]

Sən qiyamət gününə qədər lə'nətlənmişsən!"

[15:36]

(İblis) dedi: "Ey Rəbbim! İnsanların (qəbirlərindən qalxıb) diriləcəkləri günə (qiyamətə) qədər mənə möhlət ver!"

[15:37]

(Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən"

[15:38]

Ancaq mə'lum vaxtın gününə (İsrafil surunu birinci dəfə çalana və bütün məxluqat məhv olana) qədər!

[15:39]

(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!

[15:40]

Yalnız Sənin sadiq bəndələrindən başqa!"

[15:41]

(Allah) buyurdu: "Mənə görə, bu, düz yoldur! (Və ya: Bu, sonu Mənə gəlib çatacaq doğru yoldur!)

[15:42]

Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz!

[15:43]

Şübhəsiz ki, Cəhənnəm onların hamısına və'd olunmuş (onları gözləyən) yerdir!

[15:44]

(Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər.

[15:45]

Allahdan qorxub pis əməllərdən çəkinənlər isə cənnətlərdə və bulaqlar başında olacaqlar.

[15:46]

Ora sağ-salamat (sağlıqla) və (hər şeydən) əmin olaraq daxil olun!"

[15:47]

Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər.

[15:48]

Onlara orada (Cənnətdə) heç bir yorğunluq (zəhmət) üz verməz. Onlar oradan çıxan da deyillər. (Cənnətdə əbədi qalacaqlar).

[15:49]

(Ya Rəsulum!) Qullarıma xəbər ver ki, (tövbə edəcəkləri təqdirdə) Mən, həqiqətən, bağışlayanam, rəhm edənəm!

[15:50]

Eyni zamanda da əzabım da çox şiddətli əzabdır!

[15:51]

Həm də onlara İbrahimin qonaqlarından (yanına qonaq gələn mələklərdən) xəbər ver!