[16:7]

Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə (bir yerdən başqa yerə) daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir!

[16:8]

Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat, minik vasitələri və s.) də yaradacaqdır.

[16:9]

Doğru yolu (islamı) göstərmək Allaha aiddir. Ondan (haqdan) kəc olan yol (və ya haqdan kənara çıxan) da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı doğru yola salardı.

[16:10]

Göydən sizin üçün yağmur endirən Odur. Ondan (o sudan) siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar (və otlar) da içər (ağaclar və otlar da onun vasitəsilə bitər).

[16:11]

(Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır!

[16:12]

O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır!

[16:13]

(Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri (heyvanları, bitkiləri, meyvələri və s.) də sizin ixtiyarınıza verdi. ?yüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da (Allahın qüdrətini, əzəmətini bildirən) əlamətlər vardır!

[16:14]

Təzə ət (balıq əti) yeməyiniz, taxdığınız bəzək şeylərini (inci, sədəf, mərcan) çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Ey insan! Allahın) ne'mətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, (bundan sonra Allahahın ne'mətlərinə) şükür edəsiniz! [Və ya: Sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. (Bütün bunlar) Onun lütfünü aramanız və (kərəminə) şükür etməyiniz üçündür!]