[16:15]

(Allah yer kürəsi möhkəm olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın, beləliklə də) sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və (istədiyiniz yerə) gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı;

[16:16]

(Yollarda dərə, təpə, çuxur kimi) əlamətlər də (müəyyən etdi). (İnsanlar gecə vaxtı) yollarını (və qibləni) ulduzlar vasitəsilə taparlar.

[16:17]

Heç yaradan (Allah) yaratmayana (bütlərə) bənzəyərmi?! Məgər düşünmürsünüz?! (Belə bir sadə, açıq-aydın həqiqəti xatırlayıb bütlərə ibadət etməyin səhv olduğunu anlamarsınız?!)

[16:18]

Əgər Allahın ne'mətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

[16:19]

Allah sizin nəyi gizli saxladığınızı və nəyi aşkar etdiyinizi (ürəyinizdə olanları, bütün gizli və aşkar əməllərinizi) bilir!

[16:20]

(Müşriklərin) Allahdan qeyri ibadət etdikləri (bütlər) heç bir şey yarada bilməzlər, əksinə, onlar özləri (daşdan, ağacdan və sairədən) yaradılmışlar.

[16:21]

Onlar ölüdürlər, diri deyillər və (insanların, bütün məxluqatın) nə vaxt diriləcəklərini də bilməzlər. (Elə isə onlara ibadət etmək düzgündürmü?!)

[16:22]

Siz tanrınız bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə (Allahın qüdrət və əzəmətini, vəhdaniyyətini) inkar edər. Onlar (haqqa boyun qoymağı, Allaha iman gətirməyi) özlərinə sığışdırmazlar.

[16:23]

Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz!

[16:24]

(Müşriklərdən: ) "Rəbbiniz (Muhəmmədə) nə nazil etmişdir?" - deyə soruşduqda, onlar: "Qədimlərin əfsanələrini!" - deyə cavab verərlər ki,

[16:25]

Qiyamət günü öz günahlarına tamamılə, nadanlıqları üzündən yoldan çıxartdıqları adamların günahlarına da qismən yüklənsinlər. Bir görün onların daşıyacaqları (yük) necə də pisdir!

[16:26]

Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və heç özləri də (hiss edib) bilmədilər ki, əzab onlara haradan gəldi.