[16:27]

Sonra qiyamət günü (Allah) onları rüsvay edəcək və: "Barələrində (mö'minlərlə) çənə-boğaz olduğunuz şəriklərim haradadır?" - deyə soruşacaqdır. Elm verilmiş kimsələr (peyğəmbərlər və mö'minlər) isə: "Bu gün kafirlər rəzalətə və əzaba (pisliyə) düçar olacaqlar!" - deyəcəklər.

[16:28]

Mələklər (küfr etməklə, Allaha şərik qoşmaqla) özlərinə zülm edənlərin canlarını aldıqda onlar (ölüm qorxusundan Allahın əmrinə) təslim olub: "Biz heç bir pislik etmirdik!" - deyəcək (mələklər də onlara belə cavab verəcəklər): "Xeyr, (elə deyildir) Allah sizin nələr etdiyinizi çox yaxşı bilir!

[16:29]

Haydı, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına (təbəqələrinə). Təkəbbürlülərin (Allaha iman gətirməyi özlərinə ar bilənlərin) məskəni necə də pisdir!"

[16:30]

Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: "Rəbbiniz (öz peyğəmbərinə) nə nazil etmişdir? - deyə soruşduqda isə onlar: "Xeyir (nazil etmişdir)" - deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri (gözəl həyat) gözləyir. Axirət yurdu (Cənnət) isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir!

[16:31]

Onlar (ağacları) altında çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada onların istədiləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır!

[16:32]

O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: "Sizə salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə Cənnətə daxil olun!" - deyərlər.

[16:33]

O kafirlər (canlarını almaq üçün) yalnız mələklərin onların yanına gəlməsini, yaxud sənin Rəbbinin (əzab) əmrinin gəlib çatmasınımı gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi. Onlar özləri özlərinə zülm edirdilər.

[16:34]

Onlara öz əməllərinin cəzası (pisliklər) artıq yetişdi. İstehza etdikləri (əzab da) onları yaxaladı.