[16:35]
Müşriklər (nadanlıqları
üzündən və ya istehza məqsədilə) dedilər: "Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız Ondan başqa heç bir şeyə tapınmaz, Onsuz
(Allahın razılığı, hökmü olmadan) heç bir
şeyi haram etməzdik". Onlardan əvvəlkilər də belə etmişdilər. Peyğəmbərlərin vəzifəsi isə yalnız açıq-aşkar bir təbliğdir.
(Peyğəmbərlər heç kəsi zorla bir işə vadar etməz. Onların borcu
ancaq Allahın hökmlərini insanlara təbliğ etmək,
insanların borcu isə
Allahın onlara verdiyi ağıl və iradə ilə haqqı batildən ayırmaq,
yaxşı işlər görüb savab qazanmaqdır).
[16:36]
Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin! - deyə peyğəmbər göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə
(Allahın əzəli elmi ilə) haqq yoldan
azmalı olmuşdur. (Ey müşriklər!) Yer üzündə
dolaşıb görün ki, (peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu!
[16:37]
(Ya Rəsulum!) Sən onların
doğru yola gəlməsini həddindən artıq istəsən də (bunun heç bir faydası yoxdur). Cünki Allah yoldan
çıxartdıqlarını (bir daha) doğru yola salmaz. Onlara
(Allahın əzabından xilas olmaqla)
kömək edənlər də olmaz!
[16:38]
Onlar: "Allah, ölən bir kimsəni diriltməyəcəkdir!" - deyə Allaha möhkəm and içdilər. Xeyr! (Allah
qiyamət günü ölüləri qəbirlərindən çıxarıb dirildəcəyi haqda) doğru və'd etmişdir. Lakin insanların əksəriyyəti (bunu) bilməz!
[16:39]
(Allah hər bir mö'mini və kafiri öləndən sonra dirildəcəkdir ki) ixtilafda
olduqları məsələləri izah etsin və (qiyamət günü ölülərin diriləcəyini) inkar edənlər də özlərinin
yalançı olduqlarını bilsinlər.
[16:40]
Biz hər hansı bir şeyi (yaratmaq) istədikdə ona sözümüz: "Ol!" deməkdir. O da dərhal olar.
[16:41]
Zülmə mə'ruz qaldıqdan sonra
Allah uğrunda hicrət edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik. Axirət mükafatı
(Cənnət) isə daha böyükdür. Kaş (kafirlər və hicrətdən geri qalanlar bunu) biləydilər!
[16:42]
(O mühacirlər hər cürə əziyyətə) dözənlər və yalnız Rəbbinə təvəkkül edənlərdir!