[16:43]
(Ya Rəsulum!) Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi
peyğəmbərlər) göndərmişdik. Əgər (bunu) bilmirsinizsə, zikr (kitab,
elm) əhlindən soruşun! (Müşriklər belə iddia edirdilər ki, peyğəmbərlər bəşərdən deyil, ancaq mələklərdən ola bilər. Buna cavab olaraq
bildirilir ki, insanlara göndərilən peyğəmbərlər mələk yox, məhz insan, özü də yalnız kişilərdən ibarət
olmalıdır).
[16:44]
Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar mö'cüzələr və kitablarla göndərdik. Sənə də Qur'anı nazil etdik ki,
insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!
[16:45]
(Peyğəmbərlərə qarşı)
pis hiylələr quranlar (pis işlər düzüb
qoşanlar) Allahın onları yerə gömməyəcəyinə, yaxud özləri də bilmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyinə əmindirlərmi?!
[16:46]
Və ya gəzib dolaşarkən (səfər əsnasında) əzabın onları yaxalamasından (Allahın onları məhv etməsindən qorxmurlarmı?)
Axı onlar (Allahı) aciz edə bilməzlər (Allahın əzabından
qaçıb canlarını qurtara bilməzlər!)
[16:47]
Yoxsa onlar tədriclə əzaba giriftar olmayacaqlarına (əmindirlər)?! Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! (Allah bəndələrinə əzab verməkdə tələsməz!)
[16:48]
Məgər onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmürlərmi ki,
onların kölgələri Allaha acizanə surətdə səcdə edərək sağa-sola əyilir?!
[16:49]
Göylərdə və yerdə olan (bütün) canlılar,
hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!
[16:50]
Onlar öz
(başlarının) üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər!
[16:51]
Allah belə buyurdu: "İki
tanrı qəbul etməyin. O (Allah) yalnız tək bir tanrıdır. Ancaq
Məndən qorxun!"
[16:52]
Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din də (itaət və ibadət də) daim Onundur. Belə olduğu təqdirdə Allahdan başqasındanmı qorxursunuz?
[16:53]
Sizə gələn hər bir ne'mət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona
yalvarıb-yaxarırsınız!
[16:54]
Sonra sizi o müsibətdən qurtardığı
zaman bir də görürsən ki, aranızda bir dəstə Rəbbinə şərik qoşur.