[16:80]

Allah evlərinizi sizə məskən (yaşayıb dincəlmə yeri) etdi, heyvanların dərilərindən həm köç vaxtı, həm də bir yerdə qaldığınız zaman (daşınması) sizin üçün yüngül (asan) olan evlər-çadırlar düzəltdi, onların yunundan, tükündən və qılından müəyyən vaxta qədər (ömrünüzün sonuna kimi və ya onlar köhnələnədək) istifadə edəcəyiniz ev əşyası (pal-paltar, xalça-palaz) və (satlıq) mal verdi.

[16:81]

Allah yaratdığı şeylərdən (ağaclardan, evlərdən, dağlardan və buludlardan) sizin üçün (günəşin hərarətindən qorunmaq məqsədilə) kölgəliklər əmələ gətirdi, sizdən ötrü dağlarda sığınacaqlar (mağaralar, kahalar), sizi istidən (və soyuqdan) saxlayacaq (yun, kətan, pambıq) köynəklər, (sizi müharibədə) qoruyacaq zirehli geyimlər düzəltdi. Allah ne'mətini sizə belə tamamlayıb verdi ki, bəlkə, Ona itaət edəsiniz (müsəlman olasınız)!

[16:82]

(Ya Rəsulum! Əgər bütün bunlardan sonra müşriklər) yenə də (səndən) üz döndərsələr (ürəyini qısma)! Cünki sənin vəzifən ancaq (Mənim dinimi, hökmlərimi) açıq-aşkar təbliğ etməkdir!

[16:83]

Onlar Allahın ne'mətini (Muhəmməd əleyhissəlamı peyğəmbər göndərməklə onlara etdiyi lütfü) bilir, lakin sonra onu (Muhəmməd əleyhissəlamın peyğəmbərliyini) danırlar. Onların əksəriyyəti kafirdir.

[16:84]

Qiyamət günü hər ümmətdən bir şahid (öz peyğəmbərini) gətirəcəyik. (Onlar mö'minlərin lehinə, kafirlərin əleyhinə şahidlik edəcəklər). Kafirlərə (üzrxahlıq etməyə) izin verilməyəcək, heç üzr diləmələri də istənilməyəcəkdir!

[16:85]

Zalımlar (kafirlər, müşriklər) əzabı (Cəhənnəm əzabını) görüncə (yalvarıb-yaxaracaqlar), lakin (əzabları) yüngülləşdirilməyəcək, (tövbə üçün) onlara bir an belə möhlət də verilməyəcəkdir!

[16:86]

Müşriklər (Allaha qoşduqları) şəriklərini (bütləri, tanrıları) gördükdə: "Ey Rəbbimiz! Bunlar bizim Səndən savayı (bizi Sənə yaxınlaşdırmaq məqsədilə) ibadət etdiyimiz şəriklərimizdir!" - deyəcəklər. (Bütlər də) onlara: "Siz əsl yalançısınız! (Biz sizi Allahı tərk edib bizə tapınmağa də'vət etməmişdik!)" - deyə cavab verəcəklər.

[16:87]

(Müşriklər) o gün (günahlarını e'tiraf edərək) Allaha təslim olacaq, özlərindən uydurub düzəltdikləri (bütlər) də aradan çıxacaqlar!