[16:88]

Törətdikləri fitnə-fəsada görə (insanları) Allah yolundan döndərən kafirlərin əzablarının üstünə bir əzab da artıracağıq!

[16:89]

Qiyamət günü hər ümmətə özlərindən bir şahid (hər ümmətin öz peyğəmbərini) göndərəcəyik (tutacağıq). (Ya Rəsulum!) Səni də bunlara (öz ümmətinə) şahid gətirəcəyik. Biz Qur'anı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!

[16:90]

Həqiqətən, Allah (Qur'anda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!

[16:91]

Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin. Allahı özünüzə zamin edib möhkəm and içdikdən sonra onu pozmayın. Həqiqətən, Allah nə etdiyinizi bilir!

[16:92]

Möhkəm əyirdiyi ipliyi sonradan qıran (təzədən açıb sökən) qadın kimi olmayın. Siz bir ümmət digərindən (sayca) çox olduğu üçün aranızdakı andları yalana çevirirsiniz (fitnə-fəsad aləti edirsiniz). (Bu gün bir qəbilə ilə müqavilə bağlayır, sabah daha qüvvətli, daha varlı bir qəbilə ilə rastlaşdıqda əvvəlki ilə bağladığınız müqaviləni pozub onunla sazişə girisiniz). Allah bununla yalnız sizi sınayır. O, qiyamət günü ixtilafda olduğunuz (dini) məsələləri sizə izah edəcəkdir!

[16:93]

Əgər Allah istəsəydi, sizi (eynilə dində olan) tək bir ümmət edərdi. (Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər. Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız!