[16:94]

Aralarınızdakı andlarını yalana çevirib fitnə-fəsad aləti etməyin. Yoxsa ayağınız möhkəm olduğu ikən sürüşər (imana gəldikdən sonra ondan xaric olarsınız) və (insanları) Allah yolundan döndərdiyinizə görə (dünyada) əzabı dadarsınız. (Hələ axirətdə də) sizi dəətli bir əzab gözləyir! (Peyğəmbərlə əhd bağladıqdan sonra hörmət, ehtiram qazanan şəxs sözündə möhkəm durmayıb əhdini pozsa, nüfuzunu itirər və özünü fəlakətə, məhvə düçar etmiş olar).

[16:95]

Allahla bağladığınız əhdi ucuz satmayın. (Əhdi pozmadığınıza görə) Allah yanında olan (savab) sizin üçün (dünya mənfəətindən) daha yaxşıdır. Kaş biləydiniz!

[16:96]

Sizdə olan (dünya malı) tükənər, Allah dərgahında olan (axirət ne'mətləri) isə əbədidir. (Allah yolunda əziyyətlərə) dözənləri etdikləri yaxşı əməllərin müqabilində mükafatlandıracağıq (yaxud gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı mükafat verəcəyik!)!

[16:97]

Mö'min olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)

[16:98]

(Ya Rəsulum!) Qur'an oxumaq istədiyin zaman məl'un Şeytandan Allaha sığın! ("Əuzu billahi minəş-şeytanır-rəcim" sözlərini de!)

[16:99]

Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur!

[16:100]

Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət etmələri, Şeytanı özlərinə dost, havadar seçmələridir!)

[16:101]

Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə (bir ayənin hökmünü ləğv edib onu başqası ilə əvəz etdikdə) - Allah nə nazil etdiyini (hansı hökmün bəndələri üçün daha münasib olduğunu) ?zü daha yaxşı bilir - (Kafirlər Muhəmmədə): "Sən ancaq bir iftiraçısan (Allahın adından yalan uydurursan!)" - deyərlər. Xeyr! Onların əksəriyyəti (cahil olduğu üçün əsl həqiqəti, bir hökmü başqası ilə əvəz etməyin hikmətini) bilməz!

[16:102]

(Ya Rəsulum!) De: "Ruhülqüds (Cəbrail) onu (Qur'anı) sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və (onlara Cənnətlə) müjdə vermək üçün haqq olaraq nazil etmişdir!"