[2:182]

Hər kəs vəsiyyət edənin (öz vəsiyyətilə) səhv etməsindən və ya günaha batmasından ehtiyat edib (ədalət naminə vəsiyyətdə dəyişiklik edərək) varislərin arasını düzəltsə, ona heç bir günah yazılmaz. Allah bağışlayandır, rəhm edəndir!

[2:183]

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!

[2:184]

(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!

[2:185]

İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur'an) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) tə'zim və şükür edəsiniz.

[2:186]

(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.