[16:119]

Sonra (bil ki) Rəbbin cahillikləri üzündən pis iş görən (Allaha şərik qoşan), ondan sonra tövbə edib özlərini islan edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin (tövbədən) sonra (bəndələrini) bağışlayandır, rəhm edəndir!

[16:120]

Həqiqətən, İbrahim Allaha müt'i, batildən haqqa tapınan bir imam (rəhbər) idi. O heç vaxt müşriklərdən olmamışdı. (Və ya: İbrahim özü bir ümmət idi. Bir ümmətə xas olan bütün yaxşı cəhətlət, gözəl xüsusiyyətlər onda cəmlənmişdi).

[16:121]

O, (Allahın) ne'mətlərinə şükür edən idi. (Allah da) onu (sədaqətinə, səmimiliyinə görə peyğəmbərlik üçün) seçmiş və düz yola yönəltmişdi.

[16:122]

Biz ona dünyada gözəl ne'mət (peyğəmbərlik, hamı tərəfindən sevilib hörmət olunmaq) bəxş etdik. Şübhəsiz ki, o, axirətdə də (ən yüksək dərəcələrə nail olacaq) salehlərdəndir!

[16:123]

Sonra (Ya Rəsulum!) sənə: "Batildən haqqa dönərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!" - deyə vəhy etdik.

[16:124]

Şənbə günü (ibadət etmək) ancaq onun barəsində ixtilafda olanlara (ibadət və istirahət günümüz cümə deyil, şənbə olsun deyə, mübahisə edən yəhudilərə) vacib edildi. Həqiqətən, Rəbbin qiyamət günü ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm verəcəkdir.

[16:125]

(Ya Rəsulum!) İnsanları hikmətlə (Qur'anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də'vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!

[16:126]

(Ey mö'minlər! İntiqam almaq məqsədilə birinə) cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin. (Artıq cəza isə zülm etməkdir ki, bu da günahdır). Əgər (onlardan intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir. (Əfv etmək, rəhm göstərmək savab qazanmağa çox gözəl vəsilə olduğu üçün, sözsüz ki, qisas almaqdan daha üstündür).

[16:127]

(Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir. (Də'vətini qəbul etmədiklərinə, iman gətirmədiklərinə görə) onlardan (müşriklərdən) ötrü kədərlənmə və (səni öldürmək məqsədilə) qurdurları hiylələrə görə də ürəyini qısma!

[16:128]

Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!