Al-Isrâ’

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[17:1]

Bə'zi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!

[17:2]

Biz Musaya kitab (Tövrat) verdik və: "Məndən başqa heç bir vəkil tutmayın (və ya tanrı qəbul etməyin)" - deyə, onu İsrail oğullarına (haqq yolu göstərən) bir rəhbər tə'yin etdik.

[17:3]

Ey Nuhla birlikdə (gəmiyə) mindirib apardığımız (tufandan xilas etdiyimiz) kəslərin nəsli! Həqiqətən, o (Nuh Allahın ne'mətlərinə) çox şükür edən bir bəndə idi!

[17:4]

Biz İsrail oğullarına kitabda (Tövratda): "Siz yer üzündə (Zəkəriyyanı, sonra da Yəhyanı öldürməklə) iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq (yaxud zülm) edəcəksiniz!" - deyə bildirdik.

[17:5]

Onlardan (o fitnə-fəsadın) birincisinin (cəza) vaxtı gələndə üstünüzə çox güclü qullarımızı (Büxtünəssəri, yaxud Calutu orduları ilə birlikdə) göndərdik. Onlar (sizi öldürmək, əsir almaq və qarət etmək üçün) evlərinizin arasında gəzib dolaşırdılar (sizi tə'qib edirdilər). Bu və'd artıq yerinə yetirildi. (Siz Zəkəriyyanı öldürdünüz, onlar da sizi qətl edib, əsir alıb, yurdunuzu xaraba qoydular).

[17:6]

(Bundan) sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, (yenidən) var-dövlət, oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi (əvvəl olduğunuzdan və ya düşmənlərinizdən) daha çox etdik.

[17:7]

Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci fitnə-fəsadınızın (cəza) vaxtı gəldikdə üzünüzü qara (sizi xəcil) etmək, məscidə (Məscidüləqsaya) birinci dəfə girdikləri kimi girmək və ələ keçirtdikləri hər şeyi büsbütün məhv etmək üçün (fars və rum padşahlarını) üstünüzə göndərdik. (Siz Yəhyanı öldürdünüz, onlar da əvəzində sizi qətl edib, mə'bədinizi dağıdıb, yurdunuzu viran qoydular).