[17:8]
(Tövbə edəcəyiniz təqdirdə) ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin! Əgər siz (yenidən yaramaz əməllərinizə) qayıtsanız, Biz də (sizi yenidən cəzalandırmağa)
qayıdarıq. Biz Cəhənnəmi kafirlərdən ötrü bir zindan etdik.
[17:9]
Həqiqətən, bu Qur'an (bütün bəşəriyyəti) ən doğru yola (islama)
yönəldir, yaxşı
işlər görən mö'minlərə böyük bir mükafata nail
olacaqları ilə müjdə verir!
[17:10]
Axirətə inanmayanlar üçün
isə şiddətli bir əzab hazırlamışıq!
[17:11]
İnsan (özünə) xeyir-dua etdiyi kimi, bəd dua da edər. (Adamın
hirsi tutduqda özünə, yaxud övladına bəd dua edər. Əgər Allah həmin şəxsin
duasını qəbul etsə, dərhal onun özünü, yaxud övladını məhv etməlidir. Lakin Allah səbirlidir, bəndələrinə əzab verməkdə tələsməz). İnsan (hər şeydə) tələskəndir (gördüyü işin aqibətini düşünməyə hövsələsi çatmaz).
[17:12]
Biz gecə və gündüzü (qüdrətimizə dəlalət edən) iki əlamət müəyyən etdik. Rəbbinizdən ruzi diləməniz, illərin sayını və hesabı
(vaxt ölçülərini) bilməyiniz üçün gecənin əlamətini (qaranlığı) silib (yerinə) gündüzün işıqlı (görünən) əlamətini gətirdik. Biz (ehtiyac hiss etdiyiniz) hər şeyi (Qur'anda) müfəssəl izah etdik.
[17:13]
Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi
qarşısına qoyarıq.
[17:14]
(Və ona belə deyərik: ) "Oxu,
kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi
olmağa) kifayətsən!"
[17:15]
Doğru yol tutan
yalnız özünə xeyir, haqq
yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar
başqasının günahını daşımaz. (Hərə öz günahına
cavabdehdir). Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!
[17:16]
Biz bir məmləkəti məhv etmək istədikdə (peyğəmbərlərin dili ilə) onun naz-ne'mət içində yaşayan
başçılarına (Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar (Allaha asi olub) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik.
[17:17]
Biz Nuhdan sonra neçə-neçə ümmətləri (nəsilləri) məhv etdik. (Ya Rəsulum!) Rəbbinin öz
qullarının günahlarını bilməsi, görməsi (onlara cəza vermək üçün)
kifayət edər.