[17:18]

Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz ne'məti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, (Cəhənnəmə) qınanmış, (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar!

[17:19]

Mö'min olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar.

[17:20]

Onların və bunların hər birinə Rəbbinin ne'mətindən verərik. Rəbbinin ne'məti (istər dünyada, istərsə də axirətdə heç kəsə) qadağan deyildir.

[17:21]

(Ya Peyğəmbərim!) Bir gör (var-dövlət, cah-cəlal baxımından dünyada) onların birini digərindən necə üstün tutduq? Axirətdə isə (dünyadakından) daha yüksək dərəcələr, daha böyük üstünlüklər vardır!

[17:22]

Allahla yanaşı başqa tanrı qəbul etmə. Yoxsa xar olar, zəlil vəziyyətə düşərsən!

[17:23]

Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!

[17:24]

Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" - de.

[17:25]

Rəbbiniz ürəklərinizdə olanları (qəlblərinizin sirlərini) ən yaxşı biləndir. Əgər əməlisaleh olsanız (ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman olub tövbə etsəniz və bundan sonra onlarla yaxşı davransanız, bilin ki) Rəbbiniz, həqiqətən, tövbəkarları bağışlayandır!

[17:26]

Qohum-əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə!

[17:27]

Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!