[17:87]
Lakin (bunu etməməyimiz) Rəbbinin yalnız sənə qarşı bir mərhəmətidir. Həqiqətən, Onun sənə olan ne'məti böyükdür!
[17:88]
(Ya Peyğəmbərim!) De: "Əgər insanlar və cinlər bir yerə
yığışıb bu Qur'ana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər".
[17:89]
Biz bu Qur'anda insanlar
üçün hər cür məsəl çəkib (mə'nasını) onlara izah etdik. Lakin onların (Məkkə əhlinin) əksəriyyəti küfrdən başqa bir
şeyə razı olmadı (ne'mətimizə nankor olub yalnız küfrü seçdi).
[17:90]
(Qur'anın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini sındırmayan
müşriklər) belə dedilər: "Bizə yerdən (Məkkədən) bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik.
[17:91]
Yaxud (ağacları)
arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın
olmayınca;
[17:92]
Yaxud, iddia etdiyin kimi,
göyü parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri (peyğəmbərliyinin doğruluğuna şahid olaraq)
açıq-aşkar qarşımıza gətirməyincə;
[17:93]
Və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca
(biz sənə iman gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!"
(Ya Rəsulum!) De: "Rəbbim pakdır, müqəddəsdir! (Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!) Mən isə yalnız peyğəmbər olan bir insanam!"
(Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!)
[17:94]
(Qüreyş müşrikləri kimi) insanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız
onların: "Allah bir
insanımı peyğəmbər göndərdi?" - demələridir. (Müşriklərin fikrincə, peyğəmbər bəşərdən deyil, mələklərdən göndərilməlidir).
[17:95]
(Ya Rəsulum!) De: "Əgər yer üzündə (siz insanlar kimi)
arxayın gəzib dolaşanlar mələklər olsaydı (yer üzünün əhalisi mələklərdən ibarət olsaydı), sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!"
[17:96]
De: "Mənimlə sizin aranızda təkcə Allahın (peyğəmbərliyimin həqiqiliyinə) şahid olması
kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən (bəndələrinin bütün əməllərindən) xəbərdardır, (onların
gizlində və aşkarda nələr etdiyini) görəndir!"