[17:97]
Allahın doğru
yola saldığı kəs doğru
yoldadır. Allahın yoldan çıxartdığı kəs üçünsə (Allahdan) başqa dostlar tapa bilməzsən. Biz qiyamət günü onları üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər
ayağına çəkəcəyik. Onların düşəcəkləri yer Cəhənnəmdir. Cəhənnəm odu azaldıqca
onların (bədənlərinin) alovunu artıracağıq!
[17:98]
Bu, ayələrimizi inkar etdiklərinə və: "Sür-sümük, çürüyüb
ovxalanmış torpaq olduğumuz halda, biz dirildilib yeni bir məxluqmu olacağıq?"
- dediklərinə görə onların cəzasıdır.
[17:99]
Məgər onlar (öləndən sonra bir daha diriləcəklərini inkar edənlər bu böyüklükdə) göyləri və yeri (yoxdan) yaradan
Allahın (bu kiçiklikdə) onlar kimisini (yenidən, eynilə) yaratmağa qadir olduğunu görmürlərmi?! Allah onlar üçün bir
əcəl (ölüm, yaxud əzaba düçar olma vaxtı) müəyyən etdi ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar (belə bir vəziyyətdə də) ancaq öz küfrlərində israr edib dururlar (küfrdən başqa bir şeyə razı olmurlar).
[17:100]
(Ya Peyğəmbərim, müşriklərə) de: "Əgər siz Rəbbimin rəhmət xəzinələrinə (var-dövlətinə) sahib olsaydınız, yenə də (onun) xərclənib tükənməsindən (sonra da sizə yoxulluq üz verməsindən) qorxaraq xəsislik edərdiniz. İnsan (nə qədər varlı olsa da, təbiəti e'tibarilə) xəsisdir!
[17:101]
Biz Musaya doqquz
aşkar mö'cüzə (əsa, günəş kimi
parlayan yədi-beyza, çəyirtkə və digər həşərat,
qurbağa, qan, qıtlıq, daşların arasından fəvvarə verib çıxan su, dənizin
yarılması və Tur
dağının qaldırılıb İsrail
oğullarının başları üstündə
saxlanılması) verdik. İsrail oğullarından soruş:
(Musa) onların yanına gəldikdə, Fir'on ona:
"Ya Musa! Mənə elə gəlir ki, sən ovsunlanmışsan (ağlın başında
deyildir)", - demişdi.
[17:102]
(Musa da) ona: "Sən bunları məhz göylərin və yerin Rəbbi tərədindən açıq-aşkar mö'cüzə olaraq
endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Fir'on, səni (küfrə düşdüyünə görə) artıq məhv olmuş zənn edirəm!" - deyə cavab vermişdi.
[17:103]
(Fir'on) onları
(Misir) torpağından qovub çıxartmaq istədi. Biz isə onu (Fir'onu) və onunla birlikdə olanların
hamısını (suya) qərq etdik.
[17:104]
Və bundan sonra İsrail oğullarına dedik: "Siz
(Şam) ərazisində sakin olun. Axirət və'dəsi (qiyamət) gəlib çatdıqda sizin hamınızı (sizi və Fir'on əhlini, yaxud mö'minləri və kafirləri) birlikdə (bir-birinizə qarışmış halda məhşərə) gətirəcəyik!"