[18:5]

Bu barədə nə onların özlərinin, nə də (təqlid etdikləri) atalarının heç bir biliyi yoxdur. Onlar çox böyük-böyük danışırlar. (Ağızlarından çıxan söz necə də böyük küfrdür). Onlar ancaq yalan deyirlər!

[18:6]

(Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qur'ana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!

[18:7]

Biz yer üzündə olanları onun (sakinləri) üçün (və ya onun özünə məxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək.

[18:8]

(Bu da bir həqiqətdir ki) Biz yer üzündə olan hər şeyi (vaxtı gələndə) məhv edib qupquru bir torpağa döndərərik. (Fani dünyaya, onun cah-cəlalına e'tibar yoxdur. Yer üzündə olan heç bir şey əbədi deyildir. Müəyyən dövrdən sonra orada mövcud olan hər şey məhv olacaqdır).

[18:9]

(Ya Rəsulum!) Yoxsa əshabi-kəhfin və Rəqimin (mağara və Rəqqim əhlinin) ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən? (Xeyr, bu Bizim qüdrətimiz qarşısında adi bir işdir).

[18:10]

(Ya Rəsulum!) Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: "Ey Rəbbimiz! Bizə ?z dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver! (Bizi kafirlərin bəlasından, düşmənlərin təhlükəsindən qoru, bizə ruzi verib doğru yola yönəlt!)" - demişdilər.

[18:11]

Biz onları mağarada illərlə (üç yüz doqquz il) yuxuya verdik.

[18:12]

Sonra iki tayfadan (mö'minlərdən və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.

[18:13]

(Ya Rəsulum!) Biz onların xəbərini sənə doğru söyləyirik. Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların hidayətini (imanını, səbatını və bəsirətini) artırmışdıq.

[18:14]

Onlar (rum qeysəri bütpərəst Diqyanusun hüzurunda) durub: "Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, (Allahdan başqasına tapınacağıq, - söyləsək, küfr) danışmaqda həddi aşmış (ifrata varmış) olarıq!" - dedikləri zaman onların ürəklərinə qüvvət (mətanət) vermişdik.

[18:15]

Bizim bu camaat (qövmümüz) Allahdan başqa tanrılar qəbul etdi. Elə isə onlar öz tanrıları barəsində (bütlərə ibadət etməyin düzgün olması haqqında) bir dəlil gətirməli deyildilərmi? Allaha qarşı yalan uydurub düzəldəndən daha zalım (özünə zülm edən) kim ola bilər?!