[18:28]
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul mö'minlərdən) çevirmə. Qəlbini Bizi (Qur'anı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir
kimsəyə itaət etmə!
[18:29]
Və de: "Haqq Rəbbinizdəndir. Kim istəyir inansın,
kim də istəyir inanmasın (kafir olsun). Biz zalımlar üçün elə bir atəş
hazırlamışıq ki, onun pərdələri (dumanları)
onları bürüyəcəkdir. (Cəhənnəmin qalın divarları
zalımları əhatə edəcəkdir). Onlar imdad istədikdə onlara qətran (yaxud
yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!
[18:30]
İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı
işlər görənlərin mükafatını zay etmərik!
[18:31]
Onları
(ağacları) altından çaylar axan Ədn cənnətləri gözləyir. Onlar orada taxtlara
söykənərək qızıl bilərziklərlə bəzənəcək (altun qolbaqlar taxacaq), nazik və qalın ipəkdən (taftadan və qumaşdan)
yaşıl paltarlar geyəcəklər. O, nə gözəl mükafat, o (Cənnət) necə də gözəl məkandır!
[18:32]
Onlara (biri mö'min,
digəri kafir olan) iki adamı misal gətir. Onların birinə (kafirə) iki üzüm bağı verib onları xurmalıqlarla əhatə əhatə etdik və aralarında əkin (zəmi) saldıq.
[18:33]
O bağların hər ikisi öz barını verdi və bu bardan heç
bir şey əskilmədi. Biz də
onların arasından bir irmaq axıtdıq.
[18:34]
(Bu adamın) başqa
sərvəti (gəliri) də var idi. O
öz (yoxsul mö'min) yoldaşı ilə söhbət edərkən (təkəbbürlə) ona dedi: "Mən səndən daha dövlətli və əşirətcə (qəbilə, qohum-əqraba, övlad, qulluqçu və s. cəhətdən) səndən daha qüvvətliyəm!"