[2:6]

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

[2:7]

Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!

[2:8]

İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: "Biz Allaha və qiyamət gününə iman gətirdik", -deyirlər.

[2:9]

Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və mö'minləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.

[2:10]

Onlar ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifiq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!

[2:11]

Onlara: "Yer üzündə (küfr və günah işlədərək, mö'minləri aldadaraq) fəsad törətməyin!"-dedikdə: "Bizim işimiz ancaq yaxşılıq etməkdir", -deyə cavab verirlər.

[2:12]

Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.

[2:13]

Onlara: "Başqaları (mühacir və ənsar) iman gətirdikləri kimi siz də iman gətirin!" -deyildiyi zaman (öz aralarında): "Biz də səfehlər (ağılsızlar) kimi iman gətirək?" -deyə cavab verirlər. (Ey mö'minlər!) Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) bilmirlər.

[2:14]

Onlar mö'minlərlə qarşılaşdıqları zaman: "Biz də (sizin kimi) iman gətirdik",-deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: "Biz də sizinləyik, biz ancaq (mö'minlərə) istehza edirik",-deyirlər.

[2:15]

(Belə əməllərin müqabilində) Allah da onlara (dünya va axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri icində şaşqın (və sərgərdan) qalarlar. (Və ya: Allah da onlara istehza edər və onları öz zəlalətləri, tüğyanları içində saxlayar).

[2:16]

Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir getirmədi və haqq yolu da tapmadılar.