[18:84]

Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik (hər şeyin yolunu ona öyrətdik).

[18:85]

O, (məğribə çatmaq üçün) yola çıxdı. (Tövbə qapısı məğribdə olduğuna görə səfərini oradan başladı).

[18:86]

Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü. O, çeşmənin yanında (Allahı tanımayan, kafir) bir tayfa da gördü. Biz ona belə buyurduq: "Ya Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq yola də'vət edib) onlarla yaxşı rəftar da edə bilərsən!"

[18:87]

O (İsgəndər) belə cavab verdi: "Zülm (küfr) edənə əzab verəcəyik. Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. (Rəbbi də) ona (Cəhənnəmdə) görünməmiş bir əzab verəcəkdir!

[18:88]

İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat (Cənnət) gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!" (Onu Allaha yaxınlaşdırmaq üçün bacardığımız hər şeyi - oruc, namaz, zəkat, cihad və s. öyrədəcək, gücü çatmayan bir işi isə görməyə vadar etməyəcəyik).

[18:89]

Sonra o, başqa bir yola (məşriqə) tərəf üz tutub getdi.

[18:90]

Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona (günəşə) qarşı heç bir sipər yaratmamışdıq. (Yalnız günəşin özü onlar üçün sipər idi).

[18:91]

(Zülqərneynin qüdrət və səltənəti, səyahəti) belə idi. Biz hələ onun yanında daha nələr olduğunu da bilirik. (Zülqərneynin qüdrətini, nə qədər əsgərlə səfərə çıxdığını Allahdan başqa heç kəs dəqiq bilməz).

[18:92]

Daha sonra o (Zülqərneyn) başqa bir yola (cənubdan şimala) üz tutub getdi.

[18:93]

Nəhayət, (sədd salmış olduğu Azərbaycandakı, yaxud Türküstanda Yə'cud-Mə'cüc tayfaları yaşayan ərazidəki) iki dağ arasına gəlib çatdıqda onların ön tərəfindən az qala söz anlamayan (yaxud danışıqları çox çətin başa düşülən) bir tayfa gördü.

[18:94]

Onlar (tərcüməçi vasitəsilə) dedilər: "Ey Zülqərneyn! Yə'cuc-Mə'cuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənəəyyən məbləğ (yaxud xərac) versək olarmı?"

[18:95]

O (Zülqərneyn) dedi: "Rəbbimin mənə verdiyi (qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən) daha yaxşıdır. Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülgər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim!

[18:96]

Mənə dəmir parçaları gətirin!" (Onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: "(Körükləri) üfürün!" - dedi. (Onlar körükləri üfürdülər). (Zülqərneyn dəmiri) od halına salınca: "Mənə ərimiş mis gətirin, onun üstünə tökün!" dedi. (Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu və beləliklə, möhkəm bir sədd əmələ gəldi).

[18:97]

(Yə'cuc-Mə'cuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər.