[18:98]
O (Zülqərneyn) dedi:
"Bu (sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin tə'yin etdiyi vaxt
(qiyamətə yaxın Yə'cuc-Mə'cüc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah) onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin və'di haqdır!"
(Allahın buyurduğu hər bir şey, o cümlədən İsgəndərin səddinin
dağılması, Yə'cuc-Mə'cuc tayfalarının yer üzünün hər tərəfinə səpələnməsi, orada fitnə-fəsad törətməsi, nəhayət bir cür həşərat tərəfindən məhv edilməsi mütləq baş verəcəkdir).
[18:99]
O gün (həddindən artıq çox
olduqlarına görə) onları
(yaxud bütün insanları
başlı-başına) buraxarıq. Belə ki, onlar dalğalar kimi bir-birinə
qarışarlar (heyrət onları bürüyər, özlərini itirib nə etdiklərini bilməzlər). Sur çalınan kimi
onların (məxluqatın)
hamısını bir yerə cəm edərik.
[18:100]
O gün Biz Cəhənnəmi (gətirib) kafirlərə əyanən göstərərik.
[18:101]
O kəslər ki, gözləri Məni anmaqdan qapalı (pərdəli) idi və eşitməyə də qadir deyildilər. (Onlar
Qur'anın ülviyyətini, Mənim ayələrimi, qüdrətimə dəlalət edən əlamətləri görmür, öyüd-nəsihətlərimi də eşitmirdilər).
[18:102]
Kafirlər Məni qoyub qullarımı
(mələkləri, Uzeyiri, İsanı və başqalarını) özlərinə dost (hami) edəcəklərinimi güman edirlər? (Xeyr, onlar bəndələrimi Mənim əzabımdan əsla qurtara bilməzlər). Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq!
[18:103]
(Ya Rəsulum!) De: "Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana
uğrayanlar barəsində xəbər verimmi?"
[18:104]
O kəslər ki, onların
dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.
[18:105]
Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla
qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab
üçün Onun hüzurunda duracaqlarını) inkar etdilər, bununla da onların
bütün əməlləri puça çıxdı. Buna görə də Biz (qiyamət günü) onlar üçün bir
daş-tərəzi qurmayacağıq!
[18:106]
Küfr etdiklərinə, ayələrimi və peyğəmbərlərimi məsxərəyə qoyduqlarına görə budur onların cəzası - Cəhənnəm!
[18:107]
İman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır!
[18:108]
Onlar orada (o cənnətlərdə) əbədi qalıb oradan
ayrılmaq (başqa yerə getmək) istəməyəcəklər!
[18:109]
(Ya Rəsulum! Qur'anda buyurulduğu kimi, sizə çox az elm verilmişdir, söyləyən yəhudilərə) de: "Əgər Rəbbimin sözlərini yazmaq üçün
dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!"
[18:110]
De: "Mən də sizin kimi ancaq bir
insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan Allahdır. Kim Rəbbi ilə
qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab
üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik
qoşmasın!"