[19:39]
(Ya Rəsulum!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib
mö'minlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq
günü (insanın pis əməllərinə görə peşman
olacağı, lakin bu
peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!
[19:40]
(O gün bütün) yer üzünə və onun üzərində olan hər şeyə yalnız biz varis
olacağıq. (Bizdən başqa heç
kəs və heç nə qalmayacaq). Onlar (əməllərinin cəzasını almaq üçün)
Bizim hüzurumuza qaytarılacaqlar.
[19:41]
(Ya Rəsulum!) Kitabda (Qur'anda) İbrahimi də yad et (onun hekayətini də ümmətinə söylə). Həqiqətən, o, büsbütün doğru
danışan kimsə (siddiq) - bir
peyğəmbər idi.
[19:42]
O, bir zaman atasına
belə demişdi:
"Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən?
[19:43]
Atacan! Həqiqətən, sənə gəlməyən bir elm (peyğəmbərlik) mənə gəlmişdir (sənə müyəssər olmayan bir şey mənə müyəssər olmuşdur). Ardımca
gəl ki, səni (Allahın buyurduğu) doğru bir yola çıxardım!
[19:44]
Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana (Allaha) çox asi
olmuşdur!
[19:45]
Atacan! Qorxuram ki,
(tövbə etməsən) Rəhmandan sənə bir əzab toxunsun və beləcə (Cəhənnəmdə) Şeytana yoldaş olasan!"
[19:46]
(Atası Azər İbrahimə) dedi: "Ya İbrahim! Sən mənim
tapındığım tanrılardan
üzmü çevirirsən? Əgər (onlara qarşı pis
hərəkətlərinə) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm (yaxud səni təhqir edib acı sözlər deyəcəyəm). Bir müddət məndən uzaq ol (gözlərim səni görməsin)!"
[19:47]
(İbrahim) belə cavab verdi:
"Sənə salam olsun! (Allah özü sənə rəhm etsin. Məndən sənə heç bir pislik gəlməz!) Mən Rəbbimdən sənin
bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır (çox lütfükardır,
duamı qəbul edər).
[19:48]
Mən sizi və sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua (ibadət) edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt (Onun mərhəmətindən naümid, məhrum) olmayım. (Mənim Allaha etdiyim ibadət, sizin bütlərə, tanrılara etdiyiniz
ibadət kimi puça
çıxmasın!)"
[19:49]
(İbrahim müşrikləri) və onların Allahdan
başqa tapındıqları bütləri tərk edib (Şama) getdiyi zaman Biz ona (oğlu) İshaqla (nəvəsi) Yə'qubu bəxş etdik və onların hər ikisini peyğəmbər etdik.
[19:50]
(Onların üçünü də) öz mərhəmətimizdən (ruzimizdən) ehsan buyurub tə'riflərini dillər əzbəri etdik. (Bütün din sahiblərinin, mö'minlərin yanında
onların ehtiramını və mərtəbəsini ucaltdıq).
[19:51]
(Ya Rəsulum!) Kitabda (Qur'anda) Musanı da yad et! Həqiqətən o, (öz ibadətində) çox səmimi idi. O
(Bizim tərəfimizdən İsrail
oğullarına göndərilmiş) bir elçi, bir peyğəmbər idi.