[20:52]

(Musa) belə cavab verdi: "Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim (heç bir şeydə) xəta etməz və (heç bir şeyi) unutmaz!"

[20:53]

O (böyük Allah) ki, yer üzünü sizin üçün döşəmiş (döşək etmiş), orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik.

[20:54]

(Onlardan nuşcanlıqla) yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda (gördüyümüz bu işlərdə) ağıl sahibləri üçün (Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) əlamətlər vardır!

[20:55]

Sizi (ulu babanız Adəmi) də onda (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq.

[20:56]

Biz, ayələrimizin (dəlillərimizin və mö'cüzələrimizin) hamısını ona (Fir'ona) göstərdik. Lakin (Fir'on) onları yalan sayıb (heç birini) qəbul etmədi.

[20:57]

(Fir'on) dedi: "Ya Musa! Sən sehrinlə bizi öz torpağımızdan (Misirdən) qovub çıxartmağa gəlmisən?

[20:58]

Elədə biz sənə eyni ilə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz aranda bir vaxt tə'yin et. Nə biz, nə də sən və'dimizə xilaf çıxmayaq. Bu (ikimizə də) əlverişli bir yerdə olsun!" (Görək kim-kimə qalib gələcək!)

[20:59]

(Musa) dedi: "Sizə verilən və'də sizin bayram gününüz və camaatın (bir yerə) toplaşacağı günorta vaxtıdır!"

[20:60]

(Bu söhbətdən sonra) Fir'on dönüb getdi, nəhayət, bütün hiylə (və sehr) vasitələrini (sehrbazlarını) yığıb (və'd olunmuş vaxtda həmin yerə) gəldi.

[20:61]

Musa onlara (sehrbazlara) dedi: "(Ay yazıqlar!) Vay sizin halınıza! Allaha iftira yaxmayın, yoxsa O sizi əzabla məhv edər. (Allaha) iftira yaxan naümid olar (muradına çatmaz)".

[20:62]

Onlar (bu Musa heç sehrbaza oxşamır; əgər qalib gəlsək, heç; yox əgər qalib gələ bilməsək, ona iman gətirərik, deyə) öz aralarında öz işləri barədə mübahisə edir və xəlvətcə pıçıldaşırdılar.

[20:63]

Onlar (uzun-uzadı mübahisədən sonra Musadan və Harundan qorxub astaca bir-birinə) dedilər: "Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar öz sehrləri ilə sizi yurdunuzdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu (dininizi, təriqətinizi) yox etmək (ə'yan-əşrafınızı öz tərəflərinə çəkmək) istəyirlər.

[20:64]

Ona görə də bütün hiylə (sehr) vasitələrinizi toplayın, sonra da (meydana) səf-səf gəlin. Bu gün qalib gələn nicat tapacaqdır! (Mətləbinə yetişəcəkdir!)"