[20:126]
(Allah) buyurar: "Elədir, amma sənə ayələrimiz (mö'cüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları
unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!"
[20:127]
Biz (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə, şübhəsiz ki, daha şiddətli, daha sürəklidir!
[20:128]
Məgər (kafirlərə) bəlli olmadımı ki,
Biz onlardan əvvəl (indi) məskənlərində gəzib dolandıqları neçə-neçə nəsilləri məhv etdik? Həqiqətən, bunda (keçmiş ümmətlərin giriftar olduğu müsibət və fəlakətlərdə) ağıl sahibləri üçün ibrətlər vardır!
[20:129]
Əgər Rəbbindən (bu ümmətin əzabının axirətə saxlanılması haqda) öncə bir söz
(hökm) və (lövhi-məhfuzda bu kafirlərin əzabı üçün əzəldən) müəyyən edilmiş bir vaxt olmasaydı, şübhəsiz ki, (dünyada tezliklə) onlara da (belə bir əzab) verilməsi lazım gələrdi.
[20:130]
(Ya Rəsulum! Elədə Məkkə müşriklərinin) dediklərinə səbr et. Günəş doğmamışdan
və batmamışdan əvvəl Rəbbinə şükür edib şə'ninə tə'riflər de (sübh və əsr namazlarını
qıl), gecənin bir və'dəsində (axşam və gecə saatlarında) və
günorta radələrində də Rəbbini öyüb təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun müqabilində Allahın səni böyük
savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail etməsindən) razı (xoşhal) olasan!
[20:131]
(Kafirlərin) bə'zi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz
mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü
dikmə!) Rəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha baqidir (sürəklidir, əbədidir)!
[20:132]
Əhlinə (əhli-beytə və ümmətinə) namaz
qılmağı əmr et, özün
də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik.
(Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!
[20:133]
(Kafirlər) dedilər: "Nə üçün o (Muhəmməd) Rəbbindən bizə (həqiqi peyğəmbər olmasına dəlalət edən) bir mö'cüzə gətirmir?" Məgər (Qur'anda) onlara əvvəlki (ilahi) kitablarda
(keçmiş ümmətlərin həyatına, küfrləri üzündən düçar olduqları müsibətlərə dair) olanların bəyanı (yaxud açıq-aşkar dəlili) gəlmədimi?!
[20:134]
Əgər Biz onları (Məkkə müşriklərini) bundan (Peyğəmbər və Qur'an gəlməzdən) əvvəl əzabla məhv etsəydik, (qiyamət günü) mütləq belə deyəcəkdilər: "Ey Rəbbimiz! Nə üçün zəlil və rüsvay olmazdan əvvəl bizə bir peyğəmbər göndərmədin ki, Sənin ayələrinə (hökmlərinə) tabe olaydıq?!
[20:135]
(Ya Rəsulum!) De: "Hamı (axirət) gözləməkdədir, siz də gözləyin. (Qiyamət günü) doğru yol
sahiblərinin kimlər (biz, yoxsa
siz) olduğunu və kimin haqq yolu tapdığını (hidayətə yetişdiyini) biləcəksiniz!"