Al-Anbiyâ
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[21:1]
İnsanların
haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı,
onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir
o qədər yaxındır. Fani
dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların
başını elə qatmışdır
ki, qiyamət günü barəsində əsla fikirləşmirlər).
[21:2]
Rəbbindən onlara (bir-birinin ardınca) elə bir yeni xəbərdarlıq (öyüd-nəsihət) gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər;
[21:3]
Qəlbləri qəflət içində olaraq (ona
qulaq asmasınlar). Zalımlar öz aralarında gizli pıçıldaşıb (bir-birinə): "Bu (Muhəmməd) sizin kimi ancaq adi bir insandır. (Onun gətirdiyi Qur'an sehrdən, cadudan
başqa bir şey deyildir).
Gözünüz görə-görə sehrəmi uyursunuz?" - dedilər.
[21:4]
(Peyğəmbər Məkkə müşriklərinə) belə dedi: "Rəbbim göydə və yerdə (söylənən) hər sözü bilir. O, (hər şeyi)
eşidəndir, biləndir!"
[21:5]
Onlar (müxtəlif fikirlərə düşərək) belə dedilər: "Xeyr, (bu Qur'an)
qarmaqarışıq yuxulardır; xeyr, onu özü
uydurmuşdur; xeyr, o, bir şairdir. (Əgər o, həqiqi peyğəmbərdirsə, bunu sübut etmək üçün) qoy əvvəlki peyğəmbərlərə göndərilən mö'cüzələr kimi bizə bir mö'cüzə gətirsin!"
[21:6]
Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət (əhli mö'cüzələrlə gəlmiş peyğəmbərlərinə) iman gətirmədi. Bunlarmı iman gətirəcəklər?
[21:7]
(Ya Rəsulum! Biz səndən əvvəl də hər bir ümmətə mələk deyil) ancaq kişilər (kişi
peyğəmbərlər) göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr (kitab) əhlindən soruşun!
[21:8]
Biz onları (peyğəmbərləri) yeməz-içməz (yemək yeməz) bir bədən yaratmadıq. Onlar
(dünyada) əbədi də deyillər.
[21:9]
Sonra onlara verdiyimiz və'di yerinə yetirdik.
(Peyğəmbərlərə) və istədiyimiz kəslərə (onlara iman gətirənlərə) nicat verdik, (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları isə məhv etdik.
[21:10]
Həqiqətən, sizə (Qüreyş əhlinə) elə bir Kitab nazil etdik ki, o sizdən ötrü bir şərəfdir. (O sizin qədir-qiymətinizi yüksəldər, dini və dünyəvi ehtiyaclarınızı aradan qaldırar, ürəkdən inananlara behişt
yolunu göstərər. Halal-haramı daim
mö'minlərin yadına salar). Məgər dərk etmirsinizmi?