[21:36]
(Ya Rəsulum!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə): "Sizin tanrılarınıza tə'nə edən bumudur?" - deyərlər. Halbuki onlar, məhz onlar Rəhmanın öyüd-nəsihətini (Qur'anı) inkar edirlər.
[21:37]
İnsan tələsən (hövsələsiz) yaradılmışdır. (İnsan təbiəti e'tibarilə hövsələsizdir, tələskəndir. Allahın əzabının tez gəlməsini istəyən müşriklər kimi). Ayələrimi (Peyğəmbərin dediyi sözlərin düzgün
olmasını, əzabımı
tezliklə) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!
[21:38]
Onlar (kafirlər): "Əgər siz doğru danışırsınızsa, bu və'din (əzabın, yaxud qiyamətin) nə vaxt olacağını bildirin!" - deyirlər.
[21:39]
Kaş kafirlər atəşi üzlərindən və arxalarından dəf edə bilməyəcəkləri və onlara heç bir kömək
olunmayacağı vaxtı (qiyaməti) biləydilər! (Əgər bilsəydilər, belə bir sual verməz, həm də Allahın əzabının
tezliklə gəlməsini istəməzdilər).
[21:40]
Xeyr, (qiyamət) onları gözlənilmədən yaxalayar və şaşırdar (mat-məbhut edər). (Kafirlər) onu əsla geri qaytara bilməzlər və onlara (tövbə, üzrxahlıq üçün)
möhlət də verilməz!
[21:41]
(Ya Rəsulum!) Səndən əvvəl də peyğəmbərlərə istehza edilmişdi.
İstehza edənləri məsxərəyə qoyduqların şeyin
özü (peyğəmbərlərin onları
qorxutduğu əzab) məhv etdi.
[21:42]
De: "Sizi gecə (yatdığınız vaxt) və gündüz (gəzib dolandığınız zaman) Rəhmandan (Rəhmanın əzabından)
kim qurtara bilər?" Amma onlar Rəbbinin öyüd-nəsihətindən (Qur'andan) üz döndərdilər.
[21:43]
Yoxsa onların Bizdən başqa (əzabı)
onlardan dəf edə biləcək tanrıları vardır?! Onlar (o tanrılar) heç özlərinə belə yardım etməyə qadir olmaz, Bizdən də (əzabımızdan da)
qoruna bilməzlər. (Və ya: Bizdən də dəstək görə bilməzlər).
[21:44]
Doğrusu, Biz bununla
(bu kafirlərə) və atalarına ömürləri uzanıncaya qədər (dünyada) gün-güzəran verdik. (Onlar fani dünya malına aldanıb məğrur oldular). Məgər Bizim (onların)
torpağına girib onu hər tərəfdən əskiltdiyimizi (gündən-günə
yurdlarının müsəlmanların əlinə keçdiyini) görmürlərmi? Belə olduqda, qalib olanlar onlarmıdır?!