[21:58]

(Onlar gedən kimi İbrahim bütləri) parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər. (Qoy anlasınlar ki, bu dilsiz-ağılsız bütlər nəinki başqalarını, hətta özlərini belə qorumağa qadir deyillər. Buna görə də onlara ibadət etmək ən böyük günahdır).

[21:59]

(Onlar qayıdan kimi işin nə yerdə olduğunu görüb) dedilər: "Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalımlardandır!"

[21:60]

(Müşriklərin bə'ziləri:) "İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!" - dedilər.

[21:61]

(Qalanları: ) "Bunların şahidlik edə bilmələri üçün onu (tapıb) camaatın gözü qabağına gətirin!" - dedilər.

[21:62]

(Müşriklər İbrahimi tapıb gətirərək:) "Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?" - deyə soruşdular.

[21:63]

(İbrahim sındırmadığı iri bütü göstərib:) "Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!" - deyə cavab verdi.

[21:64]

Bunun nəticəsində onlar (ağıllarını başlarına yığıb) öz-özlərinə müraciətlə: "Siz, doğrudan da, zalımlarsınız (dilsiz-ağılsız, heç özlərini belə qorumağa qadir olmayan bütlərə tapınmaqla özünüz özünüzə zülm edirsiniz)", - dedilər.

[21:65]

Sonra (mübahisədə aciz qaldıqlarını görüb) yenə də öz küfrlərinə (başlarında olan əski e'tiqada) qayıdaraq (İbrahimə): "Axı sən bilirsən ki, bunlar danışmırlar!" - dedilər.

[21:66]

(İbrahim) dedi: "Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz?

[21:67]

Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, (etdiyiniz əməllərin qəbahətini) anlamırsınız?"

[21:68]

(Nəmrud və ətrafındakılar öz camaatına) belə dedilər: "Əgər (tapındıqlarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!"

[21:69]

Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!)" - deyə buyurduq.

[21:70]

Onlar (İbrahimə) hiylə qurmaq istədilər, lakin Biz onları (cürbəcür müsibətlərə düçar etməklə, xüsusilə üstlərinə ətlərini yeyib qanlarını içən həşərat göndərməklə) daha çox ziyana uğratdıq.

[21:71]

Biz onu da (İbrahimi də), (qardaşı oğlu) Lutu da (Nəmrud tayfasının əlindən qurtarıb) aləmlər üçün mübarək etdiyimiz (torpağında bəşər övladına bərəkətlər verdiyimiz) yerə (Şama) qovuşdurduq.

[21:72]

Biz ona (İbrahimə) İshaqı, üstəlik Yə'qubu da bəxş edib onların hamısını saleh kimsələr etdik.