[21:82]

Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri (ev tikənləri, mehrab düzəldənləri) də onun ixtiyarına verdik. Biz (Süleymanın əmrindən çıxmasınlar, gördükləri işləri təzədən korlamasınlar, fitnə-fəsad törətməsinlər deyə) onların üstündə göz olurduq.

[21:83]

(Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: "Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!"

[21:84]

Biz (Əyyubun) duasını qəbul buyurduq, onu düçar olduğu bəladan (xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən) qurtardıq. Dərgahımızdan (Əyyuba) bir rəhmət və (Allaha) ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə, (həlak olmuş) övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik.

[21:85]

(Ya Rəsulum!) İsmaili, İdrisi və Zülkifli də (yad et)! Onların hər biri səbr edən kimsələrdən idi.

[21:86]

Biz onları mərhəmətimizə qovuşduqduq (peyğəmbər etdik). Onlar, doğrudan da, saleh bəndələrdən idilər.

[21:87]

Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hokmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): "(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)",-deyib dua etmişdi.

[21:88]

Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz mö'minlərə belə nicat veririk!

[21:89]

(Ya Rəsulum!) Zəkəriyyanı da (yada sal)! Bir vaxt o: "Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)" - deyə yalvarıb Rəbbinə dua etmişdi.

[21:90]

Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müt'i idilər.