[2:211]

 (Ya Rəsulum!) İsrail övladından xəbər al ki, Biz onlara (Musa peyğəmbər vasitəsilə) nə qədər açıq dəlillər göndərdik! Allahın ne'mətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!

[2:212]

Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar (bununla da) iman gətirənlərə istehza edərlər. Halbuki, müttəqilər qiyamət günündə onlardan üstündürlər. Allah istədiyi kəsə saysız-hesabsız ruzi verər.

[2:213]

İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin (və həsəd) üzündən (dində) ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir. Onların ixtilafda olduqları həqiqətə Onun izni (idarəsi) ilə iman gətirənləri isə Allah doğru yola yönəltdi. Allah istədiyini düz yola istiqamətləndirər.

[2:214]

(Ey mö'minlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: "Allahın köməyi nə vaxt gələcək?" - demişdilər.Bilin ki, Allahın köməyi (sizə) yaxındır!

[2:215]

(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: "(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur". Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.