[22:31]

Batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız halda! Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sür'ətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə (məxluqa) bənzər.

[22:32]

(Ey insanlar! Sizə əmr etdiyim) budur. Və hər kəs Allahın mərasiminə (həcc əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındadır (Allahdan qorxmasındadır).

[22:33]

Sizin üçün (qurbanlıq heyvanlarda) müəyyən bir vaxta qədər mənfəət vardır. (Kəsilənə qədər onları minər, südünü içər, yunundan istifadə edərsiniz). Sonra onların gətirilib kəsiləcəyi yer (Mina) qədim ev (Kə'bə) istiqamətindədir. (Yaxud həcc əməllərini yerinə yetirməkdə sizin üçün qiyamətə qədər mənfəət vardır. Həcc günləri Kə'bəyə toplanar, bütün müsəlmanlara lazım olan dini və dünyəvi məsələlər barəsində məsləhət-məşvərət edərsiniz).

[22:34]

Biz hər bir ümmət üçün qurbangah (yaxud mə'bəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər). Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!

[22:35]

O kəslər ki, Allahın adı çəkiləndə (zikr ediləndə) qəlbləri (qorxudan) titrəyər, üz verən müsibətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər.

[22:36]

Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə e'tiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (ne'mətimizə) şükr edəsiniz!

[22:37]

Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!

[22:38]

Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!