[22:65]

(Ya Rəsulum!) Məgər Allahın yerdə olanları (heyvanları), dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir!

[22:66]

Sizi (əzəl başdan) dirildən, sonra (əcəliniz çatanda) öldürəcək, daha sonra (qiyamət günü) yenə dirildəcək məhz Odur.

[22:67]

Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər. Elə isə (müşriklər) bu işdə (din, şəriət işində, yaxud qurbanlıqlar barəsində) səninlə mübahisə etməsinlər. (Ya Rəsulum!) Sən onları öz Rəbbinə (ibadət etməyə, Onun hökmlərini yerinə yetirməyə) də'vət et. Şübhəsiz ki, sən doğru yoldasan (dindəsən).

[22:68]

(Ya Rəsulum!) Əgər (müşriklər öz kəsdiyiniz qurbanların ətindən yediyiniz halda, bəs Allahın öldürdüyü, yə'ni öz əcəli ilə ölmüş heyvanların ətini niyə yemirsiniz deyə) səninlə mübahisə etsələr, (onlara) belə cavab ver: "Allah sizin nə etdiyinizi daha yaxşı bilir!

[22:69]

İxtilafda olduğunuz məsələlər barəsində Allah qiyamət günü aranızda öz hökmünü verəcəkdir!"

[22:70]

(Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa (hamısını) bilir? Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu (bütün bunları bilmək) Allah üçün asandır!

[22:71]

(Müşriklər) Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, (Allah Ona ibadət edilməsi haqda) heç bir dəlil nazil etməmişdir. Və (müşriklərin) ona dair heç bir biliyi də (dəlili-sübutu da) yoxdur. Zalımlara (müşriklərə) heç bir yardım edən olmaz!

[22:72]

Ayələrimiz onlara açıq-aşkar surətdə oxunduğu zaman (yaxud açıq-aşkar ayələrimiz oxunduqda) kafir olanların çöhrəsində bir ikrah (nifrət) sezərsən. Onlar ayələrimizi oxuyanların üstünə az qala hücum çəksinlər. (Ya Rəsulum!) De: "Sizə bundan (Qur'an oxunduğu zaman etdiyiniz nalayiq hərəkətlərdən) daha pisini xəbər verimmi? - Cəhənnəm (odu)! Allah onu kafirlərə və'd etmişdir. O nə pis məskəndir! (Nə pis qayıdış yeridir!)"