Al-Muminûn
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[23:1]
Həqiqətən, mö'minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)
[23:2]
O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt'i
olub (Ona) boyun əyərlər! (Allahın
qarşısında kiçilərlər!)
[23:3]
O kəslər ki,
lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər;
[23:4]
O kəslər ki, zakat verərlər;
[23:5]
O kəslər ki, ayıb yerlərini (zinadan)
qoruyub saxlayarlar;
[23:6]
Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü)
qınanmazlar.
[23:7]
Bundan
artığını istəyənlər (halaldan harama addayaraq)
həddi aşanlardır (Allahın əmrini pozanlardır).
[23:8]
O mö'minlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər);
[23:9]
Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar);
[23:10]
Onlardır (bilin) varis
olanlar -
[23:11]
Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!
[23:12]
Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş)
palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını
isə süzülmüş xalis palçıqdan - nütfədən xəlq etdik).
[23:13]
Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik.
[23:14]
Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra
laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra
sümükləri ətlə örtdük və daha
sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq
yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!
[23:15]
(Belə bir
yaradılışdan) sonra siz mütləq öləcəksiniz!
[23:16]
Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz!
[23:17]
And olsun ki, Biz sizin
üstünüzdə yeddi yol (göy)
yaratdıq. Biz (onların
altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları
qoruyub saxlayır, nə etdiklərini bilirik).