[23:18]
Biz göydən lazımi qədər yağmur endirdik və onu yerdə (dənizdə, çayda, göllərdə və quyularda)
saxladıq. Biz, sözsüz ki, onu aparmağa da (yox etməyə də) qadirik!
[23:19]
Sonra sizin üçün onunla (o
su ilə) xurma və üzüm
bağları yaratdıq. Sizin üçün orada bir çox meyvələr vardır ki, onlardan yeyirsiniz.
[23:20]
(Sizin üçün həmçinin mənşə e'tibarilə) Sina
dağından çıxan bir ağac
da (yaratdıq ki), o, yeyənlər üçün zeytun və (çörəyin üstünə yaxılan,
xörəyə qatılan) yağ bitirər.
[23:21]
Həqiqətən, heyvanlarda (ev heyvanlarında)
da sizin üçün bir ibrət vardır.
Biz onların qarınlarında
olandan (süddən) sizə içirdirik. Onlarda
sizin üçün daha bir çox mənfəətlər də vardır. (Bə'zilərini minir, bəzilərinin yunundan, bəzilərinin isə tükündən istifadə edirsiniz). Həm də onlardan yeyirsiniz!
[23:22]
Həm onların, həm də gəmilərin üstündə (bir yerdən başqa yerə) daşınırsınız.
[23:23]
Həqiqətən, Biz Nuhu öz
qövmünə peyğəmbər göndərdik. O belə dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından)
qorxmursunuz?"
[23:24]
(Nuh) qövmünün kafir
başçıları (tabeçiliyində olanlara) dedilər: "Bu sizin kimi yalnız adi bir insandır. (Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir. Əgər Allah (Ondan başqasına ibadət etməməyimizi) istəsəydi, (bizə
peyğəmbər olaraq insan deyil) mələklər göndərərdi. Biz bunu (Nuhun təbliğ etdiyi
tövhidi) ulu babalarımızdan (keçmiş ümmətlərdən) eşitməmişik.
[23:25]
Bu adamda, sadəcə olaraq, bir dəlilik var. (Ona cin toxunmuşdur). Hələ bir müddət gözləyin!" (Ya
sağalıb xəstəlikdən xilas olar, bir də belə şeylər danışmaz; ya da ölüb gedər, canımız qurtarar).
[23:26]
(Nuh onların bu
sözlərindən və iman gətirməyəcəklərindən mə'yus olub) belə dedi: "Ey Rəbbim!
Onların məni yalançı hesab etməklərinə qarşı mənə kömək et!"
[23:27]
Biz (Nuha) belə vəhy etdik: "Gözlərimiz önündə (nəzarətimiz altında) və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt. Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı
(təndirdən və ya yer üzündən, yaxud gəminin
qazanından su qaynayıb
daşdığı) zaman hər heyvandan biri erkək, biri dişi
olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş
kimsələr istisna olmaqla, (qalan)
ailə üzvlərini (və iman gətirənləri) gəmiyə mindir. Zülm (küfr) edənlər barəsində Mənə müraciət etmə (onların bağışlanmasını Məndən iltimas etmə). Cünki onlar suya qərq olacaqlar.