[23:28]

Sən yanında olanlarla birlikdə gəmiyə minən kimi: "Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!" - de.

[23:29]

Həmçinin (gəmidən enəndə) belə de: "Ey Rəbbim! Məni mübarək (xeyir-bərəkətli) bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!"

[23:30]

Şübhəsiz ki, bunda (insanlar üçün) ibrətlər vardır. Həqiqətən, Biz (bəla, müsibət göndərməklə bəndələrimizi) imtahana çəkirik!

[23:31]

Onlardan sonra başqa bir nəsil (Ad tayfasını) yaratdıq.

[23:32]

Onlara özlərindən bir peyğəmbər (Hudu) göndərdik. (O, tayfasına dedi: ) "Allaha ibadət edin. Sizin ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?"

[23:33]

Tayfasının kafir olan, axirətə qovuşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) yalan hesab edən və dünyada ne'mət verdiyimiz ə'yan - əşrafı (tabeçiliyində olanlara) dedi: "Bu sizin kimi ancaq adi bir insandır; yediyinizdən yeyir, içdiyinizdən içir. (O nə cür peyğəmbər ola bilər?)

[23:34]

Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, şübhəsiz ki, ziyana uğrayarsınız. (Adi bir bəşərə aldanıb dünyada şan-şöhrətinizi, ad-sanınızı itirərsiniz).

[23:35]

O sizə ölüb torpaq və sür-sümük olduqdan sonra (qəbirlərinizdən dirildilib) çıxarılacağınızımı və'd edir?

[23:36]

Və'd olunduğunuz şey çox uzaqdır, çox uzaq! (Bu, qeyri-mümkündür!)

[23:37]

Bizim həyatımız yalnız bu dünyadadır. (Birimiz) ölür, (birimiz) dirilirik. (Birimiz dünyaya gəlir, birimiz dünyadan gedirik). Biz (öləndən sonra bir daha) dirildiləcək deyilik!

[23:38]

Bu, sadəcə olaraq, Allaha iftira yaxan bir adamdır. Biz ona iman gətirən deyilik!"

[23:39]

(O peyğəmbər) belə dedi: "Ey Rəbbim! Onlar məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!"

[23:40]

(Allah) buyurdu: "Bir azdan peşman olacaqlar!"

[23:41]

(Bir az sonra) həqiqətən, qorxunc (tükürpədici) bir səs onları bürüdü. Biz onları (sel üstündəki) saman çöpünə döndərdik. Zalım (kafir) tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun!

[23:42]

Onlardan sonra başqa-başqa nəsillər (Saleh, Lut və Şüeyb tayfalarını) yaratdıq.