[23:60]
Urəkləri Rəbbinin hüzuruna
qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər -
[23:61]
Məhz onlar yaxşı
işlər görməyə tələsər (bir-biri ilə
yarışar) və bu işlərdə
(başqalarından) öndə gedərlər.
[23:62]
Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. (Hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyərik. Namazı ayaq üstə qıla bilməyən oturub qıla bilər. Xəstəliyinə, zəifliyinə görə oruc tuta bilməyən orucunu yeyə bilər). Bizdə haqqı söyləyən bir Kitab vardır. Onlara (haqsız yerə əsla) zülm olunmaz.
[23:63]
Lakin (kafirlərin) qəlbləri bundan (Qur'andan) xəbərsizdir (bu barədə cəhalət içindədir) . Onların bundan başqa (Allaha xoş getməyən) ayrı işləri də vardır ki, elə onları edib
durarlar (küfr edib günaha batarlar).
[23:64]
Nəhayət, onların naz-ne'mət içində yaşayan başçılarını əzabla yaxaladığımız zaman (Bədr vuruşu günü) fəryad edib imdad diləyərlər.
[23:65]
(Onlara belə deyirlər: ) "Yalvarıb-yaxarmayın, bu gün Bizdən sizə heç bir kömək yetişməz!"
[23:66]
Ayələrimiz sizə oxunduğu zaman arxa
çevirirdiniz (onları yalan hesab edib
inanmırdınız).
[23:67]
(Kə'bə əhlisiniz, sizə heç bir şey
olmaz, deyə iman gətirməyi) özünüzə
sığışdırmayıb gecələr toplanaraq (Qur'an və Peyğəmbər barəsində) ağzınıza gələni deyirdiniz (yaxud onlardan üz döndərirdiniz).
[23:68]
Məgər (müşriklər) kəlam (Allah kəlamı -
Qur'an) haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına (keçmiş ümmətlərinə) gəlməyən bir şey gəldi? (Onlar Qur'anın,
Peyğəmbərin haqq olduğunu niyə anlamırlar? Məgər ulu babalarına
İbrahim, İsmail, Musa kimi peyğəmbərlər gəlmədimi? Yaxud onlara
Tövrat, Sühüf kimi kitablar nazil olmadımı?)
[23:69]
Yoxsa öz Peyğəmbərini tanımadılar və buna görə onu inkar edirlər?
[23:70]
Yaxud: "Onda divanəlik var?" - dedilər. Xeyr, Peyğəmbər onlara haqqla
(Qur'anla) gəldi. Lakin onların əksəriyyəti haqqı xoşlamır.
[23:71]
Əgər haqq (Qur'an) onların
nəfslərinin istəklərinə tabe olsaydı (və ya Allah onların istədikləri kimi hərəkət etsəydi), göylər, yer və onlarda olanlar (bütün
məxluqat) korlanıb gedərdi (aləm bir-birinə qarışıb nizamı pozulardı). Xeyr, Biz (müşriklərə) onlar üçün öyüd-nəsihət (və Peyğəmbər öz qövmlərindən olduğu üçün şərəf olan Qur'anı) gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən (və şərəflərindən) üz döndərirlər.
[23:72]
Yoxsa (Ya Rəsulum!) sən onlardan
(öz peyğəmbərliyinə, haqqı təbliğ etdiyinə görə) bir muzd (ücrət) istəyirsən? Rəbbinin əcri (dünyada verdiyi ruzi, axirətdə verəcəyi mükafat) daha xeyirlidir.
O, ruzi verənlərin ən
yaxşısıdır!
[23:73]
Əslində sən onları doğru yola
(islam dininə) də'vət edirsən!
[23:74]
Axirətə inanmayanlar isə doğru yoldan sapanlardır!