[24:37]
O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir
gündən (qiyamət günüdən) qorxarlar.
[24:38]
(Onların
vaxtli-vaxtında, lazımınca ibadət etmələri, Allahdan qorxub pislikdən çəkinmələri ona görədir ki) Allah
onlara etdikləri əməllərin ən gözəl mükafatını (yaxud
gördükləri ən yaxşı işlərin əvəzini) versin, onlara olan
lütfünü artırsın. Allah dilədiyinə saysız-hesabsız ruzi verər.
[24:39]
(Allahın vəhdaniyyətini danan,
Qur'anı yalan hesab edən) kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı)
ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq
Allahın cəzasını tapar.
(Allah da) onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir.
[24:40]
Yaxud (onların əməlləri) zəngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa,
onun da üstündən bir bulud (dalğa) - zülmət üstündən zülmət örtər. O, əlini
çıxartdıqda, hardasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz.
[24:41]
(Ya Rəsulum!) Məgər göylərdə və yerdə olanların (mələklərin, insanların, cinlərin), qanadlarını
açıb (qatar-qatar) uçan
quşların Allahı təqdis edib şə'ninə tə'riflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını (yaxud onların hər biri öz duasını, şükr-sənasını) bilir.
Allah onların nə etdiklərini (layiqincə) biləndir!
[24:42]
Göylərin və yerin hökmü Allahındır. Axır dönüş
də Allahadır!
[24:43]
Məgər görmürsənmi ki, Allah
buludları qovar, sonra onları bir araya toplayar, sonra da üst-üstə
yığıb topa halına salar. Və görürsən ki, (o
buludların) arasından
yağmur çıxar, sonra Allah göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar.
Buludların şimşəyinin
parıltısı az qala gözləri kor edər.