[24:44]

Allah gecəni gündüzə (gündüzü də gecəyə) çevirər. Həqiqətən, bunda (gecə və gündüzün bir-birinin ardınca gedib-gəlməsində) bəsirət sahibləri üçün bir ibrət vardır.

[24:45]

Allah hər heyvanı (canlını) bir sudan (nütfədən) yaratmışdır. Onların bə'zisi qarnı üstə sürünür, bə'zisi iki, bə'zisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!

[24:46]

Həqiqətən, Biz (hökmlərimizi, halal və haram buyurduqlarımızı, haqq yolu) açıq-aydın (bildirən) ayələr nazil etdik. Allah dilədiyini doğru yola (islam dininə) yönəldər.

[24:47]

(Münafiqlər: ) "Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!" - deyər, bundan sonra isə onlardan bir dəstə (Peyğəmbərdən) üz çevirər. Belələri mö'min (dilləri ilə ürəkləri bir olan müsəlman) deyillər.

[24:48]

(Münafiqlər) aralarında hökm etmək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqda onlardan bir dəstə (onun yanına gəlməkdən, haqqa boyun qoymaqdan) dərhal üz çevirər.

[24:49]

Əgər haqq onların tərəfində olsa, itaət edib (tez) onun yanına gələrlər.

[24:50]

Onların qəlblərində mərəzmi (şəkk, nifaq mərəzimi) var? Yaxud Allahın və Peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar! (Allaha asi olmaqla özləri-özlərinə zülm edirlər!)

[24:51]

Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman mö'minlərin sözü ancaq: "Eşitdik və itaət etdik!" - deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır!

[24:52]

Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər - məhz belələri uğura çatanlardır (əbədi səadətə - Cənnətə qovuşanlardır).

[24:53]

(Ya Rəsulum, münafiqlər) onlara əmr etdiyin zaman mütləq (cihada) çıxacaqları haqda Allaha çox möhkəm and içdilər. Onlara de: "(Yalandan) and içməyin, itaətiniz mə'lumdur (yaxud sizdən tələb olunan and yox, adicə itaətdir). Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!"