[25:33]

(Ya Rəsulum! Müşriklər) sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, Biz sənə (onun) doğrusunu və (onların gətirdikləri misallardan) izahatca daha yaxşısını gətirməyək.

[25:34]

Onlar (qiyamət günü) Cəhənnəmə üzüstə sürüklənib gətiriləcək kəslərdir. Onlar ən pis yerdə olan, ən çox yoldan azan kimsələrdir.

[25:35]

Həqiqətən, Biz Musaya kitab (Tövrat) verdik və qardaşı Harunu da ona vəzir (köməkçi) etdik.

[25:36]

Və (onlara) dedik: "Ayələrimizi yalan hesab etmiş bir tayfanın (Fir'on əhlinin) yanına gedin!" Sonra Biz onları (suda batırmaqla) büsbütün məhv etdik.

[25:37]

Biz Nuh qövmünü də peyğəmbərlərimizi təkzib etdikləri vaxt suda boğduq və onları insanlar üçün bir ibrət dərsi etdik. Biz zalımlar üçün də şiddətli bir əzab hazırlamışıq.

[25:38]

Biz Adı da, Səmudu da, (Şüeybin) Rəss əhlini də, həmçinin onların arasında olan bir çox nəsilləri də (yerlə yeksan etdik).

[25:39]

Biz onların hər biri üçün cürbəcür məsəllər çəkdik, (amma öyüd-nəsihətlərimizə qulaq asmadıqlarına görə) onları yerli-dibli yox etdik.

[25:40]

(Qüreyş müşrikləri ticarət üçün Şama gedərkən) fəlakət yağışı yağmış şəhərə (vaxtilə Lut tayfasının yaşadığı Sədum şəhərinə) gəlib çatmışdılar. Məgər onu (o şəhərin başına nələr gəldiyini) görmədilərmi? Xeyr, onlar öldükdən sonra yenidən dirilməyə inanmırlar. (?zlərindən əvvəlki kafirlərin başlarına gətirdiyimiz müsibətlərdən ibrət almayan Məkkə müşrikləri hələ də qiyamət barəsində şəkk-şübhə içindədirlər).

[25:41]

(Ya Rəsulum!) Onlar səni gördükdə ancaq məsxərəyə qoyur (və belə deyirlər): "Allahın peyğəmbər göndərdiyi şəxs budurmu?

[25:42]

Əgər biz (bütpərəstliyimizdə) səbir (səbat) göstərməsəydik, az qala bizi tanrılarımıza tapınmaqdan sapdırmışdı". Onlar əzabı (qiyamət əzabını) gördükdə haqq yoldan kimin daha çox azdığını biləcəklər.

[25:43]

(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? (Onu bəd əməllərdən sənmi çəkindirib saxlayacaqsan? O özü haqqı axtarıb tapmalı, ona qail olmalıdır!)