[25:44]
Yoxsa elə güman edirsən ki,
onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya
(ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayarlar).
[25:45]
Məgər Rəbbinin kölgəni (günçıxandan günbatanadək) necə
uzatdığını görmürsənmi? Əgər istəsəydi, onu daim öz yerində saxlayardı. Sonra Biz günəşi (kölgəyə) bir əlamət etdik. (Əgər günəş olmasaydı, kölgə bilinməzdi).
[25:46]
Sonra onu (o kölgəni günəşin yüksəlməsi ilə) yavaş-yavaş ?zümüzə tərəf çəkdik. (Əgər kölgəni yerə birdən salıb, birdən çəksəydik, insanlar vahiməyə düşərdilər).
[25:47]
Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də (ruzi qazanmaqdan
ötrü) həyat (iş, fəaliyyət vaxtı) yaradan Odur.
[25:48]
Küləkləri rəhməti (yağışı) önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik ki,
[25:49]
Onunla ölü bir yerə can verək,
yaratdığımız heyvanları və bir çox (bütün) insanları sirab edək!
[25:50]
(Zati-əqdəsimə) and olsun ki, (onlara
verilən ne'mətləri) yada salsınlar deyə, Biz (həmin suyu) onların arasında paylaşdırdıq.
Bununla belə, insanların əksəriyyəti nankorluqdan başqa
bir şey etmədi (nankorluğunda dirənib qaldı).
[25:51]
Əgər istəsəydik, hər məmləkətə (insanları əzabımızla)
qorxudan bir peyğəmbər göndərərdik. (Lakin səni, Ya Rəsulum, ən böyük şərəfə nail edib bütün bəşəriyyətə peyğəmbər göndərdik).
[25:52]
(Ya Rəsulum!) Kafirlərə itaət etmə və onlara qarşı
(Qur'anla) böyük bir cihad et! (Var
gücünlə vuruş!)
[25:53]
Birinin suyu çox
şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran,
aralarında (bir-birinə qarşmamaq
üçün) maneə və keçilməz sədd qoyan Odur!
[25:54]
İnsanları sudan
(nütfədən) yaradan, onları
(bir-biri ilə) əsl qohum (qan qohumu) və
sonradan qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir! (Birinci, ata-ana tərəfdən, ikinci isə bacı,
qız tərəfdən olan qohumluqdur).
[25:55]
(Belə olduğu təqdirdə müşriklər) Allahı qoyub
özlərinə nə xeyir, nə də zərər verə bilənlərə (bütlərə) ibadət edirlər. Kafir
özünün haqq olan Rəbbinə arxa çevirər. (Və ya kafir öz Rəbbinə qarşı Şeytana kömək edər).