[26:84]
Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə! (Gələcək nəsillər məni həmişə yad etsinlər, xatirimi əziz tutub
adımı hörmətlə çəksinlər!)
[26:85]
Məni Nəim cənnətlərinin varislərindən et!
[26:86]
Atamı
bağışla! Şübhəsiz ki, o, (haqq
yolu) azanlardan oldu!
[26:87]
(İnsanların qəbirlərindən çıxardılıb) dirildəcəyi gün (qiyamət günü) məni zəlil (rüsvay) etmə!
[26:88]
O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər!
[26:89]
Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (mö'minlərdən) başqa!"
[26:90]
(O gün) Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılar.
[26:91]
Cəhənnəm də azğınlara göstərilər.
[26:92]
Və onlara belə deyərlər: "İbadət etdikləriniz (bütlər)
haradadır?
[26:93]
Allahdan başqa (ibadət etdikləriniz?). Onlar
sizə kömək edə bilərlərmi? Yaxud özlərinə bir köməkləri çatarmı?"
[26:94]
Onlar (müşriklər) və azğınlar (üzüqoylu
üst-üstə) oraya (Cəhənnəmə) atılarlar!
[26:95]
İblisin bütün əsgərləri də (ora sürüklənib salınarlar).
[26:96]
Onlar orada (öz bütləri və rəisləri ilə) çənə-boğaz olub deyərlər:
[26:97]
Allaha and olsun ki, biz
(haqq yoldan) açıq-aydın azmışdıq!
[26:98]
Cünki biz sizi (siz bütləri) aləmlərin Rəbbi ilə bərabər tuturduq.
[26:99]
Bizi yalnız
günahkarlar azdırdı.
[26:100]
İndi artıq nə şəfaət edən kimsələrimiz,
[26:101]
Nə də bir mehriban dostumuz var!
[26:102]
Kaş bir də (dünyaya) dönə biləydik; mö'minlərdən olardıq! "
[26:103]
Həqiqətən, bunda (İbrahimin bu
hekayətində) bir ibrət vardır. Halbuki onların (İbrahim qövmünün, yaxud bu əhvalata qulaq asanların) əksəriyyəti iman gətirmədi.
[26:104]
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar,
tövbə edən bəndələrini
bağışlayar!)
[26:105]
Nuh tayfası peyğəmbərləri təkzib etdi. (Onlar Nuhu
yalançı saydılar. Bir
peyğəmbəri təkzib etmək bütün peyğəmbərləri təkzib etmək deməkdir).
[26:106]
O zaman ki,
qardaşları Nuh onlara dedi: "Məgər (küfr etməyinizə görə) qorxmursunuz?
[26:107]
Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası)
bir peyğəmbərəm! (Və'dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
[26:108]
Artıq Allahdan qorxun
və mənə itaət edin!
[26:109]
Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
[26:110]
Artıq Allahdan qorxun
və mənə itaət edin!"
[26:111]
Onlar: "Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe
olmuşkən, biz sənə imanmı gətirəcəyik?" - dedilər.