[26:112]
(Nuh) dedi: "Mən onların nə etdiklərini (daxilən nə cür olduqlarını)
bilmirəm!
[26:113]
Əgər başa düşürsünüzsə, (bilin ki) onların haqq-hesabı (imanlarının zahiri, yaxud daxili olduğu, ürəkdən iman gətirib-gətirmədikləri) yalnız Rəbbimə aiddir! (Mən ancaq zahirə baxıram!)
[26:114]
Və mən iman gətirənləri qovan da deyiləm!
[26:115]
Mən yalnız
(günahkarları Allahın əzabı ilə) açıq-aşkar
qorxudan bir peyğəmbərəm!"
[26:116]
Onlar dedilər: "Ey Nuh! Əgər (dediyin sözlərdən və bütlərimizi təhqir etməkdən) əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!"
[26:117]
(Nuh) dedi: "Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi.
[26:118]
Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan
mö'minləri (bu əzabdan) qurtar!
[26:119]
Buna görə də Biz onu (Nuhu) və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik.
[26:120]
Sonra yerdə qalanları suda boğduq!
[26:121]
Şübhəsiz ki, bunda (Nuhun bu hekayətində) bir ibrət vardır. Halbuki onların (Nuh tayfasının, yaxud bu hekayətə qulaq asanların) əksəriyyəti iman gətirmədi.
[26:122]
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini
bağışlayar!)
[26:123]
Ad taydası da
peyğəmbərləri təkzib etdi.
[26:124]
O zaman ki,
qardaşları Hud onlara dedi: "Məgər (küfr etməyinizə, peyğəmbərləri yalançı
saymağınıza görə Allahın əzabından) qorxmursunuz?
[26:125]
Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası)
bir peyğəmbərəm!
[26:126]
Allahdan qorxun və mənə itaət edin!
[26:127]
Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
[26:128]
Doğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub (gəlib-gedənləri məsxərəyə qoyaraq) əylənirsiniz?
[26:129]
Sanki (dünyada) əbədi qalacaqsınız deyə (yeraltı) su hövzələri (qalalar, yaxud qəsrlər) tikirsiniz!
[26:130]
Və (birini) yaxaladıqda da zalımlar kimi
yaxalayırsınız! (Onun vəhşicəsinə döyüb
öldürürsünüz!)
[26:131]
Artıq Allahdan qorxun
və mənə itaət edin!
[26:132]
Qorxun o kəsdən ki, anlayıb bildiyiniz
şeyləri (ne'mətləri) sizə əta etdi!
[26:133]
Sizə heyvanat, oğul-uşaq,
[26:134]
Bağlar və çeşmələr verdi!
[26:135]
Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!"
[26:136]
Onlar dedilər: "Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir (dinimizdən dönən deyilik).