[26:137]
Bu (bizdən) əvvəlkilərin adətindən (gördükləri işlərdən) başqa bir şey
deyildir! (Yaxud bizə dediyin bu
sözlər qədimlərin uydurmalarından
başqa bir şey deyildir!)
[26:138]
Və biz əzaba da düçar
olmayacağıq!"
[26:139]
Onu (Hudu) yalançı
saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda (Hudun bu hekayətində) bir ibrət vardır.
Halbuki onların əksəriyyəti iman gətirmədi.
[26:140]
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar,
tövbə edən bəndələrini
bağışlayar!)
[26:141]
Səmud tayfası da peyğəmbərləri təkzib etdi.
[26:142]
O vaxt ki,
qardaşları Saleh onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı hesab etdiyinizə görə Allahın əzabından)
qorxmursunuz?
[26:143]
Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası
(bel bağlanılası) bir peyğəmbərəm! (Və'dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
[26:144]
Artıq Allahdan qorxun
və mənə itaət edin!
[26:145]
Mən bunun (Allahın
hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
[26:146]
Məgər siz elə burada
onların içində arxayınlıqla
qalacaqsınız?
[26:147]
Bağlar və çeşmələr içində,
[26:148]
Əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmlikdə ömür sürəcəksiniz)?
[26:149]
Dağlardan (sanki
dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?
[26:150]
Artıq Allahdan qorxun
və mənə itaət edin!
[26:151]
(Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin)!
[26:152]
O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl çəkib özlərini) islah etməzlər!
[26:153]
Onlar dedilər: "Həqiqətən, sən (əməlli başlı)
ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hardan peyğəmbər oldun?)
[26:154]
Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru
danışanlardansansa (həqiqi peyğəmbərsənsə), bizə (Allahdan) bir
mö'cüzə gətir!"
[26:155]
(Saleh) dedi: "Bu,
(Allahın mö'cüzəsi olan)
dişi (maya) bir dəvədir. Su içmək növbəsi bir gün onun,
bir gün sizindir! (Bir gün çeşmədən o, su içsin, bir gün də siz için. Bir-birinizə mane
olmayın!)
[26:156]
Ona heç bir pislik etməyin, yoxsa böyük günün (qiyamət günün) əzabı sizi yaxalayar!"
[26:157]
Amma onlar (dəvəni) tutub kəsdilər, sonra da (əzab qorxusu ilə) peşman oldular.
[26:158]
Artıq əzab onları yaxaladı (hamısı məhv oldu). Şübhəsiz ki, bunda (Salehin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
[26:159]
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar,
tövbə edən bəndələrini
bağışlayar!)