[26:160]

Lut tayfası da peyğəmbərləri təkzib etdi.

[26:161]

O zaman ki, qardaşları Lut onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?

[26:162]

Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və'dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)

[26:163]

Artıq Allahdan qorxun və mənə itaət edin!

[26:164]

Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!

[26:165]

Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz?

[26:166]

Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!"

[26:167]

Onlar dedilər: "Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!"

[26:168]

(Lut) dedi: "Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!

[26:169]

Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin cəzasından) qurtar!"

[26:170]

Artıq Lutu və bütün ailəsini (əzabdan) xilas etdik.

[26:171]

Ancaq geridə qalan bir qadın (Lutun günahkar övrəti) istisna olmaqla!

[26:172]

Sonra da o biriləri məhv edib kökünü kəsdik.

[26:173]

Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbər tərəfindən Allahın əzabı ilə) qorxudulanların yağışı nə yaman yağışdır!

[26:174]

Şübhəsiz ki, bunda (Lutun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

[26:175]

Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)

[26:176]

Əykə əhli də peyğəmbərləri təkzib etdi.

[26:177]

O zaman ki, Şüeyb onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?

[26:178]

Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və'dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)

[26:179]

Artıq Allahdan qorxun və mənə itaət edin!

[26:180]

Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!

[26:181]

?lçüdə düz olun, (onu) əskildənlərdən olmayın!

[26:182]

Düz tərəzi ilə çəkin!

[26:183]

İnsanların haqqını azaltmayın! (Camaatın malını əskiltməyin. Kimin haqqı nədirsə, onu da verin!) Yer üzündə fitnə-fəsad törətməyin!