[26:207]

Onlara verilmiş olan ne'mətlər (əzabımızı) onlardan dəf edə bilməz. (Heç bir şey onlara veriləcək əzabı geri qaytara bilməz. Əksinə, firavan həyat, bol ne'mət onların günahlarını, cinayətlərini daha da artırar).

[26:208]

Biz heç bir məmləkəti ora peyğəmbər göndərmədən məhv etmədik!

[26:209]

(Peyğəmbərləri) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz zalım deyilik!

[26:210]

(Qur'anı) əsla şeytanlar endirmədi.

[26:211]

Bu onlara layiq deyildir. Onlar (bunu) heç bacara da bilməzlər!

[26:212]

Axı onlara (vəhy eşitmək, mələklərin söhbətinə qulaq asmaq) qadağan edilmişdir.

[26:213]

Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!

[26:214]

Və ən yaxşın qohumlarını qorxut!

[26:215]

Sənə tabe olan mö'minləri qanadın altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!)

[26:216]

Əgər (yaxın qohumların, əşirətin) sənə qarşı çıxsalar, onlara belə de: "Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!"

[26:217]

Və yenilməz qüvvət sahibinə, mərhəmət sahibidə təvəkkül et!

[26:218]

O Allah ki, səni namaza duranda da görür,

[26:219]

Səcdə edənlər içində dolananda da.

[26:220]

Həqiqətən, (hər şeyi) eşidən, bilən Odur!

[26:221]

(Ey müşriklər!) Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?

[26:222]

Onlar hər bir yalançıya, günahkara nazil olarlar.

[26:223]

(Şeytanlar mələklərdən oğrun-oğrun) eşitdikləri (adda-budda) sözləri onlara təlqin edərlər. (Yaxud kahinlər şeytanların uydurmalarına qulaq asarlar). Onların əksəriyyəti yalançıdır!

[26:224]

(Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnız azğınlar uyar!

[26:225]

Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!)

[26:226]

Və onlar etmədikləri şeyləri deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır!)

[26:227]

Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər!