[27:14]

(Mö'cüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. (Ya Rəsulum!) Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!

[27:15]

Biz Davuda və Süleymana elm (insanlar arasında mübahisəli məsələləri həll edib ədalətli hökm çıxartmaq, quşların dilini bilmək və i. a.) verdik. Onlar dedilər: "Bizi öz mö'min bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!"

[27:16]

Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!"

[27:17]

(Bir gün) Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər.

[27:18]

Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!"

[27:19]

(Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: "Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun ne'mətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!"

[27:20]

Sonra (Süleyman) quşları yoxlayıb dedi: "(Torpaq altında suyun harada olduğunu bilən) Hüdhüdü (şanapipiyi) niyə görmürəm? Yoxsa o burada yoxdur?

[27:21]

And olsun ki, ona şiddətli bir əzab verər, ya da tutub kəsərəm (boğazını üzərəm). Yaxud da o (üzrlü səbəbə görə burada olmaması üçün) aşkar bir dəlil gətirsin!"

[27:22]

Bir azdan (Hüdhüd) gəlib dedi: "Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm.